Yaxın Şərq MÜHARİBƏNİN ASTANASINDA: “Noyabrın 5-də…”

“Nəticə olaraq noyabrın 5-də İranın İsrailə raket göndərəcəyi ilə bağlı tirajlanan xəbərlər, əslində, Tehranın planlarını pozmağa hesablanıb”.

Bunu Yenicag.az-a açıqlamasında İran-İsrail münaqişəsinin miqyasının genişlənərək açıq müharibəyə çevrilməsi ehtimalından danışan politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, əgər İran yenidən İsrailə zərbə endirmək istəsə, münaqişənin şiddətlənməsi qaçınılmazdır:

“Mediada İran-İsrail münaqişəsi ilə bağlı müxtəlif fikirlərə rast gəlinir. Bunlardan biri də ABŞ-də keçiriləcək prezident seçkilərinə, yəni noyabrın 5-dək İranın İsrailə zərbə endirəcəyi ilə bağlıdır. Belə ki, tanınmış Qərb medialarından olan CNN öz mənbələrinə istinadən bu xəbəri dərc edib. Bu xəbərlərin həqiqət payı isə müzakirə mövzusudur”.

E. Şahinoğlunun dediyinə görə, həmin xəbərin mənbəyinin Ağ Ev, yaxud ABŞ Dövlət Departamenti olması ehtimalları yüksəkdir:

“Məqsəd isə bəllidir: İranın İsrailə hücumunu önləmək. Yəni Ağ Ev administrasiyası prezident seçkisi ərəfəsində Yaxın Şərqdəki münaqişənin yeni mərhələyə keçməsində maraqlı deyil. Nəticə olaraq sözügedən xəbər Tehranın planlarını pozmağa hesablanıb və demək olar ki, buna müəyyən qədər nail oldular. Çünki həqiqətən də İran endirəcəyi raket zərbəsinin vaxtını dəyişə bilər. Amma, mənə elə gəlir ki, İsrail də burada boş durmayacaq və bu zərbələrə cavab verəcək. Lakin bu dəfə fərqli hədəflər seçə bilər”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29