“Maraqlıdır, bu toqquşmalar fonunda İsrailin bizə pulla, baha qiymətə satdığı silahlar ön plana çıxarılılır”.
Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İsrail-Fələstin toqquşması ilə bağlı bəyanatını və tam müstəqil Fələstin dövlətinin hələ də yaradılmamasının doğurduğu ağır nəticələri şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazovun sözlərinə görə, müstəqil Fələstin dövləti yaradılmayana qədər regionda sabitliyin təmin edilməsi mümkün olmayacaq:
“Azərbaycan terrordan əziyyət çəkən bir dövlət olaraq, terror ocaqlarının birdəfəlik söndürülməsinin tərəfdarıdır. Bu kontekstdə situasiyaları bir-birindən fərqləndirmək lazımdır. Məsələn, xülyalarla yaşayan Ermənistan öz boş ambisiyalarının təsiri ilə hər hansı terror aktı törədirsə, yaxud da başqa dövlətin ərazisini işğal etməyi düşünürsə, bunun açıq sənədli təsdiqi olmur. Fələstinin nümunəsində isə xalq BMT-nin çoxsaylı qətnamələrinin yerinə yetirilməməsi üzündən öz hüququnu bərpa etmək üçün terror yolunu seçməli olur.
1948-ci ildə İsrail və Fələstin dövlətlərinin yaradılması haqqında böyük dövlətlərin birgə qərarı qəbul edilib. Çox təəssüflər olsun ki, o qərarın nəticəsində İsrail yaradılsa da, Fələstin dövlətinin qurulmasına imkan verilmədi. Bunun da əsas səbəbkarı İsraildir. Fələstinin nizami ordusu yoxdur, yalnız təhlükəsizlik qüvvələri mövcuddur. Belə olan təqdirdə Fələstin xalqının yaxın ölkələrə səpələnmiş nümayəndələri üç ərazidə yaşamaq məcburiyyətində qalıb. Onlar Fələstin Azadlıq Təşkilatının rəhbərliyi altında İordan çayının qərb sahilində, HƏMAS-ın nəzarətində olan Qəzza zolağında və Livan ərazisində qaçqın düşərgələrində məskunlaşıblar.
70 ildən artıq müddətdə qaçqın vəziyyətində yaşamaq olar? Nədənsə, bu barədə danışan yoxdur. Bizim insanlar da uzun illər çadır şəhərciklərində yaşayıblar. Maraqlıdır, bu toqquşmalar fonunda İsrailin bizə pulla, baha qiymətə satdığı silahlar ön plana çıxarılılır. Azərbaycan da, ən yaxın müttəfiqimiz Türkiyə də bəyan etdi ki, Yaxın Şərq böhranının həlli BMT qətnamələrinin yerinə yetirilməsidir. Axı BMT-nin dörd məlum qətnaməsinin icra olunmamasının acı nəticələrini xalqımız görüb, yaşayıb. Lakin Azərbaycan özündə güc taparaq öz ərazi bütövlüyünü bərpa etdi.
Bu gün Fələstin Azadlıq Təşkilatı və ya digər təşkilatların belə bir imkanı yoxdur. ABŞ isə İsrailin tərəfindədir. İsraili yönəldən siyasətçilər Fələstin dövlətinin yaranmasında qətiyyən maraqlı deyillər. Elə HƏMAS da ötən əsrin 80-ci illərində məhz BMT qətnamələrinin yerinə yetirilməməsi səbəbindən yaradıldı. HƏMAS-ın terrora meylliliyi isə ABŞ və İsrailin işinə yaradı.
Bəli, HƏMAS-ın son hücumu pislənilməlidir. Dinc insanlara qarşı terror xüsusilə, yolverilməzdir. İsrail bu müddət ərzində öz xüsusi xidmət və təhlükəsizlik orqanlarının yarıtmazlığından hiddətlənərək dinc əhalini bombalayır və bu zaman qadağan olunmuş silahlardan geniş istifadə edir. Xəstəxana bombalandı, ancaq İsrail bunun məsuliyyətindən qaçmağa çalışır. Bəs kimin işidir? HƏMAS-ın rəhbərliyi Qətərdə oturub, onun hərbi qanadı isə bunkerlərdədir. Müharibənin ağırlığını və cəzasını isə dinc insanlar çəkir. Azərbaycan dövlətinin adından verilmiş bəyanatı dəstəkləyirəm”.
Səxavət Məmməd