Yaxın Şərq üçün fərqli İDEYA: “İsrailin əsas məqsədi HƏMAS-ı məhv etmək deyil”

“Yaxın Şərqdə böyük müharibənin başlanması ideyası var və bunun üçün addımlar atırlar”.

Bu fikri Yenicag.az-a açıqlamasında Yaxın Şərqdə müharibənin miqyasının genişlənməsi, böyük müharibənin başlama ehtimalını dəyərləndirən hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanovun sözlərinə görə, Fələstin məsələsi kimi görünən proses, əslində, Yaxın Şərqdə müharibənin başlaması üçün vasitədir.

“İsrail-HƏMAS arasında toqquşmanın başlamasının əsas məqsədi Qəzzada gedən proseslər deyil. Əsas məqsəd Yaxın Şərqdəki prosesləri alovlandırmaqdır. Bunun üçün bütün addımlar atılacaq. Çalışacaqlar ki, Yaxın Şərqdə böyük bir müharibə olsun. Sadəcə, bunu bilərək Yaxın Şərq ölkələri bütün bu proseslərə səbrli yanaşdılar”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, İsrailin əsas məqsədi HƏMAS-ı məhv etmək deyil.
“Çünki bu təşkilatı özləri yardıblar. Digər tərəfdən, girovların azad edilməsi də İsrailin əsas hədəfi deyil. Məqsəd bu olsaydı, danışıqlarda bu yöndə addımlar atacaqdılar.

İsrail öz ərazilərini genişləndirmək üçün bu prosesi başlayıb. İsrailə bu prosesə başladanlar da var. Onların məqsədi İsrail Fələstin məsələsi deyil. Onların məqsədi birinci növbədə İranın bu prosesə qoşulmasını təmin etməklə müharibənin başlamasıdır”, – deyə o bildirib.

Ş.Ramaldanovun sözlərinə görə, İran prezidentinin andiçmə mərasiminə gələn qonağın qətlə yetirilməsi onu göstərir ki, hələ də Yaxın Şərqdə böyük müharubənin başlanması ideyası var və bunun üçün addımlar atırlar:

“Qlobal aləmdə baş verənlər Cənubi Qafqazı da əhatə edir. Sadəcə, pik nöqtədə olan Yaxın Şərqdir”.

Səxavət Məmməd

COP29