“Aydındır ki, vəzifədən gedən Bayden administrasiyası Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün çox ciddi bir cəhd göstərir və prosesdə mümkün qədər tərəfsiz və ədalətli olmağa çalışır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı siyasi ekspert Neil Uotson deyib.
Analitik ötən gün İsrail və Livandakı “Hizbullah” qruplaşması arasında əldə olunan 60 günlük atəşkəs rejimindən söz açıb.
N. Uotson diqqətə çatdırıb ki, “Hizbullah”a Cənubi Livandakı mövcudluğunu sona çatdırması üçün 60 gün vaxt verilib:
“Eyni müddət ərzində İsrail də bölgədən geri çəkilməlidir. Çünki razılaşma hər iki tərəfin qəbul etməli olduğu 13 maddədən ibarətdir. Maraqlıdır ki, Livan özü beynəlxalq güclər tərəfindən “Hizbullah”a təzyiq göstərməyə çağırılır, lakin bu, diplomatik bir gedişdir. Eyni zamanda, Beyrut hökuməti İsrailə hücum xarakterli hərbi əməliyyatlarını dayandırmaq üçün birbaşa tələb irəli sürülüb. Digər tərəfdən, Fransa sıx əlaqələrə malik olduğu Livana təzyiq edir, ABŞ isə İsrailə təzyiq göstərir. Bu addımların hamısı BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğunluğun təmin edilməsinə yönəlib”.
Onun sözlərinə görə, Cənubi Livanda yerləşən 10,000 nəfərlik BMT sülhməramlı qüvvələri hər iki tərəfə təhlükəsizlik hissi aşılamağa davam edəcək:
“Lakin razılaşma özünümüdafiə hüququna məhdudiyyət qoymur. Fikrimcə, tərəflər bu razılaşmaya ciddi yanaşırlar və onun daimi olması nəzərdə tutulub. Bununla belə, vəziyyət təhlükəlidir. Özünümüdafiə hüququ hər hansı bir tərəf razılaşmaya əməl etmədikdə vəziyyətin yenidən gərginləşə biləcəyini göstərir. Amma hiss edirəm ki, hər iki tərəf artıq münaqişədən yorulub. Bundan əlavə, müharibə başladıqdan bəri hər iki tərəfdə bir çox hərbi komandirlər dəyişib. Həmçinin yeni gələn Tramp administrasiyası mütləq şəkildə ədalətli və balanslı bir yanaşma təmin etməyə bilər. Nəticə etibarilə, bu razılaşma müsbət bir addımdır, lakin vəziyyət hələ də gərginliklə doludur”.
Rafi Müslümov