“Qlobal böhranın dərinləşməsi dünya iqtisadiyyatının hər bir üzvünün iqtisadiyyatına mənfi təsir göstərəcəkdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Yaxın Şərqdə dərinləşən gərginliyin Azərbaycana mümkün iqtisadi təsirləri haqda danışan VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, İran-İsrail arasında gərginliyin artması və ümumilikdə Yaxın Şərqdə dərniləşən gərginlik dünya birjalarına təsirsiz ötüşmür.
“Belə ki, İran İsrail qarşıdurmasına ABŞ və digər Qərb ölkələrinin cəlb olunması qlobal iqtisadiyyatda yeni bir böhranı gətirmək ehtimalını artırır. Təbii ki, qlobal böhranın dərinləşməsi dünya iqtisadiyyatının hər bir üzvünün iqtisadiyyatına mənfi təsir göstərəcəkdir. Belə ki, artıq kriptovalyutaların, və bəzi dövlətlərin milli valyutalarının qiymətdən düşməsi baş verəcəyi gözlənilir”, – deyə o əlavə edib.
A.Badamov qeyd edib ki, kriptovalyutaların dünya birjalarında qiymətləri aşağı enməkdədir.
“Sual oluna bilər ki, bu enmənin Azərbaycan iqtisadiyyatına təsiri ola bilərmi? Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycanda kriptovalyuta bazarı inkişaf etməmişdir. Bu baxımdan ölkəmizin daxili bazarına kriptovalyutanın ucuzlaşmasının təsiri olmayacaq. Azərbaycanın milli valyutanın dəyəri qlobal bazarlarda neftin qiymətlərindən asılıdır. Hələ ki, neftlə bağlı dünya birjalarında proqnozlar pozitivdir. Ona görə də Yaxın Şərqdə baş verən gərginliyin hələ ki ölkəmizin iqtisadiyyatına bir mənfi təsirin olacağını hesab etmirəm”, – deyə o bildirib.
İsmayıl Bakuvi