“Yaxın Şərqdə vəziyyət gərginləşməkdə davam edir. Ötən ilin oktyabrında HƏMAS-ın İsrailə hücum etməsi, “Hizbullah” və İsrail arasında baş verən hadisələr, İran-İsrail qarşıdurması, Türkiyə-İsrail münasibətlərinin ürəkaçan olmaması bu gərginliyin kulminasiya nöqtəsidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, İsrailin Suriya donanmasını məhv etməsi İsrail-Türkiyə münasibətlərinə də mənfi təsir göstərəcəkdir:
“Belə ki, İsrailin 1974-cü ildə imzalanmış razılaşmaya əməl etməməsi, Suriya ərazisinə daxil olması birmənalı olaraq Türkiyə tərəfindən də yaxşı qarışlanmadı. Təbii ki, hansısa bir səhv addım Türkiyə-İsrail münasibətlərinin daha da pozulmasına gətirib-çıxara bilər. Bundan əlavə, Suriyada Əsəd rejiminin devrilməsi, yeni müvəqqəti hökumətin atdığı addımlar, Suriya əhalisinin öz yurdlarına geri qayıtması Suriyada baş verən proseslərin inkişafını da göstərir”.
Politoloq kənar qüvvələrin Suriya ilə bağlı olan maraqlarından da bəhs edib:
“Suriya daxilində baş verən proseslərdən, Əsəd rejiminin devrilməsindən istifadə edən kənar qüvvələr Suriya ərazilərini mənimsəmək istəyirlər. Məhz bu istiqamətdə Türkiyənin Suriyaya olan dəstəyi bu maraqların üzərinə böyük bir xətt çəkmiş oldu. Bundan əlavə, İsrailin atdığı bu addımlar, böyük ehtimalla, dünyanın bir sıra dövlətləri, o cümlədən BMT tərəfindən sərt reaksiyaya məruz qalacaqdır. Təbii ki, Türkiyənin buradakı proseslərə müdaxilə etməsi həm Şərq, həm də Türkiyə üçün müsbət təsir bağışlayacaq. Çünki bir çox dövlətlər Suriya-Türkiyə sərhəd ərazilərindən istifadə edərək Türkiyə ərazisinə müxtəlif həmlələr təşkil edən qüvvələrin daxil olması üçün şərait yaradırdılar. Bu da Türkiyənin daxilində müxtəlif terror hadisələrinə, cinayətlərə səbəb olurdu. Bunların qarşısının alınması Şərqdə gərginliyin bir az da azalmasında böyük xidmətləri oldu”.
Mayıl Soltanov