Yaxın Şərqdə gərginləşən proseslər: “İranın qisas fəaliyyəti gözlənilirdi”

 

“Yüksək ehtimalla vəziyyət daha gərgin fazaya qalxacaq”.

Bunu Yenicag.az-a açıqlamasında İsrailə qarşı artan hücumlarla Yaxın Şərqdə gərginləşən proseslərin gələcək perspektivindən danışan politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, xüsusilə HƏMAS-İsrail münaqişəsi başladıqdan sonra Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. “Müxtəlif ssenarilərlə proseslərin gələcək istiqaməti izlənilir. Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın həm də qisas fəaliyyətinin icrası gözlənilirdi. Ancaq məsələ uzandıqca müxtəlif gözləntilər üzə çıxmağa başladı. Misal üçün İsrail və arxasında duran müttəfiqi ABŞ-nin dairələrinə zərbələr, yaxud kəşfiyyat məlumatları ilə müxtəlif növ təzyiqlərin olacağı proqnozlaşdırılırdı. Hazırda isə bu ssenarilər özünü doğruldur. İsrailə qarşı genişmiqyaslı fəaliyyət özünü büruzə verir. ABŞ isə nə qədər güclü hərbi texnikasını regiona gətirsə də, çəkindirici effekt vermir. Yüksək ehtimalla vəziyyət daha gərgin fazaya qalxacaq. Livanın şimal, eyni zamanda mərkəz hissəsinin güclü artilleriyadan atəşə tutulması da eskalasiyanın miqyasını genişləndirir. Artıq diplomatik səylər də heç bir nəticə vermir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29