Yaxın Şərqdə münaqişə ocaqlarını yaradan SƏBƏBLƏR: “Bu dövlət qurulmalı idi”

“Yaxın Şərqdə baş verən hadisələr bir daha onu göstərir ki, dünya siyasəti beynəlxalq hüquqla tənzimlənmir. Əksinə, dünya siyasəti gücün qanunları ilə tənzimlənir”.

Bu sözləri Yenicag.az a-a açıqlamasında politoloq Azad Məsiyev deyib.

Politoloq son günlər Yaxın Şərqdə gərginləşən İsrail-Livan münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

O xatırladıb ki, İsrail dövləti yaradıldığı dövrdə onunla bərabər Fələstin dövləti də yaradılmalı idi:

“Fələstin dövlətinin yaradılmaması isə Yaxın Şərqdə qaynar ocaqların yaranmasının səbəblərindən biridir. Ümumilikdə İsrail öz ərazisini genişləndirmək və yeni torpaqlar əldə etmək üçün bu və ya digər formada istər Fələstin, istərsə də digər qonşularla gərginlik yaradır”.

A. Məsiyev diqqətə çatdırıb ki, İsrailin apardığı siyasət nə beynəlxalq hüquqa, nə də qonşularla dinc və yanaşı yaşamaq prinsiplərinə söykənir:

“Yəni Təl-Əvivin bugünkü siyasəti vəhşi kapitalizm siyasətinin bariz nümunəsi və beynəlxalq hüququn tapdanmasıdır. Bu yaxınlarda İsrailin BMT-dəki səfiri Gilad Erdan BMT-nin yüksək tribunasından BMT Nizamnaməsini cırıb ataraq nümayişkaranə şəkildə göstərdi ki, artıq İsrail beynəlxalq hüququ tanımır və öz maraqlarına görə bütün vasitələri məqbul sayır. Bu gün də Təl-Əviv bu siyasəti həyata keçirməkdədir. Yaxın Şərqdə baş verən hadisələr başda Birləşmiş Ştatlar olmaqla, Qərb koalisiyasının körüklədiyi bir ocaqdır və onlar bundan öz maraqlarına uyğun istifadə edirlər”.

“Bu gün Yaxın Şərqdəki münaqişənin əhatə dairəsinin genişləndirilməsi məqsədi güdülür ki, Qərbdə İranı da buraya daxil etmək fikirləri mövcuddur. Livanla İsrail arasında baş verən son peycer hadisəsi isə fikrimcə, terror hadisəsidir. Bu təxribat nəticəsində tək hərbi kontingent yox, sıravi vətəndaşların yaralanması isə prosesin terror hadisəsi olduğunu sübuta yetirir”, – o fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29