“Əgər müharibənin miqyası genişlənəcəksə, ABŞ müdaxiləsi belə nəticə verməyəcək”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin prezident seçkiləri ərəfəsində Yaxın Şərqdə baş verənlərə hansı şəkildə reaksiya verəcəyindən danışan politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, son günlər baş verən hadisələr artıq Yaxın Şərqdə proseslərin tamamilə cızığından çıxdığını və sərhədləri aşdığını deməyə əsas verir.
“Israilin HƏMAS və “Hizbullah”la münaqişədə yüksək vəzifəli şəxsləri öldürməsi, eyni zamanda, Livanın cənubunda hərbi əməliyyatlara başlaması fonunda İranın qoşun göndərmə istəyi və ABŞ ilə Türkiyənin bəyanatları ciddi proseslərin baş verəcəyinə işarədir. ABŞ hansısa formada bunu qarşısını almalıdır. Ancaq indiki məqamda Vaşinqton demək olar ki, dalana dirənib”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, əgər ABŞ proseslərin qarşısına ala bilməzsə, hadisələrin gedişi daha böyük miqyasda özünü büruzə verə bilər.
“Nəticədə diqqət Rusiya-Ukrayna müharibəsindən Yaxın Şərqə yönələcək və ABŞ-nin maraqları təmin olunmayacaq.
Seçkilərdə kimin qalib gələcəyi çox önəmli faktordur. Hələ ki prezidentliyə namizədlər baş verənlərdən özlərinin xeyrinə yararlanmağa çalışır. Əsas müharibə qarşıdadır. İndiki halda ABŞ-nin seçə biləcəyi ən yaxşı variant İsraili dayandırmaqdır. Çünki Türkiyə, Rusiya, Çin və İran kimi böyük ölkələrin də özlərinə uyğun maraqları var. Əgər müharibənin miqyası genişlənəcəksə, ABŞ-nin müdaxiləsi belə nəticə verməyəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli