“Son günlər İsrail-Suriya sərhədində minaların təmizlənməsi prosesi başlayıb. Ehtimal olunur ki, Suriya istiqamətində hansısa hücum əməliyyatı ola bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.
O, ötən gün HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarın İsrail ordusu tərəfindən qətlə yetirilməsindən sonra regiondakı proseslərin yeni məcrası barəsində səslənən fikirləri şərh edib.
Müşahidə edilən Livan-İsrail qarşıdurması barədə fikirlərini açıqlayan ekspertin sözlərinə görə, İsrail tərəfi bildirir ki, Livana hücumlarda məqsəd “Hizbullah”ın oradakı infrastrukturunu dağıtmaqdır:
“Bundan sonra sözügedən əməliyyatların dayandırılacağını deyirlər. Eyni zamanda, İsrail Livandan gələn təhlükəni neytrallaşdırmaq istəyir. Çünki bir çox israilli bu gün ölkənin şimalından köçüb və “Hizbullah”ın davamlı raket hücumları onların normal həyatını korlayıb. Yəni “Hizbullah” riski aradan qalxacağı təqdirdə, hərbi əməliyyatların dayandıralacağı deyilir”.
“İsrailin baş naziri Benyamin Netanyahu son açıqlamasında Qəzza əhalisinə müraciət edərək, deyib ki, artıq onların HƏMAS-dan canları qurtardı və Yəhya Sinvarın ölümü ilə bağlı bu mərhələ bitdi. Lakin artıq HƏMAS-ın yeni lideri var və Xalid Məşal qurumun yeni lideri seçilib. O da uzun illərdir təşkilatın rəhbərliyində olan şəxslərdən biri olub, hazırda isə Qətərdədir. Yəqin ki, ona münasibətdə terror və yaxud digər tədbirlər olmaya bilər. Amma risklər mövcuddur”, – deyə o əlavə edib.
Politoloq xatırladıb ki, Sinvarın öldürülməsi ilə mübarizənin başa çatdığını, artıq İsrailin yeni dövrü gözlədiyini Netanyahu bəyan etmişdi. Ola bilsin ki, yeni dövrdə HƏMAS Qəzzada hökm edə bilməsin və qəzzalıların sülh dövrü başlasın:
“Yəni bu açıqlama da mövcuddur. Yeri gəlmişkən, girovlarla bağlı çağırışlar da səsləndi ki, əgər girovları kim təqdim edəcəksə, onun sağ qalmasına şərait yaradılacaq. Çünki İsrail fərqindədir ki, hələ də Qəzzada HƏMAS yaraqlıları mövcuddur. Son açıqlamalardan anlaşılan odur ki, bu qarşıdurma dayana bilər”.
“Amma dünyada baş verən proseslərə baxsaq, eləcə də makro-siyasi vəziyyəti təhlil etsək, anlaşılan odur ki, bu qarşıdurma səngiməyəcək və hər hansı bir formada davam edəcək. Həm də bu gün İsraildə Netanyahu hökumətinin mövcudluq forması sanki müharibələrin davam etdirilməsindən keçir. Yəni müharibə dayandırılacağı təqdirdə, İsrail xalqının onu sorğulayacağı və mühakimə edəcəyinə dair fikirlər səslənir. Mümkündür ki, burada bir formada Netanyahu ayaq üstə qalmaq üçün qarşıdurmanı davam etdirsin”, – deyə o vurğulayıb.
Siyasi ekspert bildirib ki, burada ABŞ kəşfiyyatının rolu qeyd olunub. Xüsusilə Sinvarın öldürülməsi məhz ABŞ kəşfiyyatının dəstəyi ilə baş tutdu:
“Belə anlamaq olar ki, bu proseslər yalnız İsrailin siyasi iradəsi ilə baş vermir. Baş verən hadisələrdə ABŞ də iştirak edir. Vaşinqtonun yeni dünya nizamının qurulması ilə bağlı planları isə baş verənlərlə bitmir. Odur ki, Yaxın Şərqdə qarşıdurmanın hər hansı bir formada davam edəcəyi istisna edilmir”.
Rafi Müslümov