“ABŞ və Fransa mövcud vəziyyətin pozulmaması üçün Livan ordusunun güclənməsinə çalışacaqlar”.
Bunu Yenicag.a-a açıqlamasında Yaxın Şərqdə Livan-İsrail atəşkəsinin neçə müddət davam edəcəyi ilə bağlı fikirlərini səsləndirən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, məsələyə ümumi yanaşsaq, Yaxın Şərqdəki münaqişənin yeganə həlli İsrailin Fələstini dövlət kimi tanımasından ibarətdir:
“Əgər həmin proses baş verməyəcəksə, münaqişə yenə də hər zaman alovlana bilmə təhlükəsini özündə saxlayacaq. Livanla İsrail arasındakı atəşkəsin neçə müddət davam edəcəyi isə məhz “Hizbullah”dan asılıdır. İsrail ərazisinə atılan raket Təl-Əvivin yenidən hücumuna zəmin yarada bilər”.
“Nəzərə almaq lazımdır ki, İsrail “Hizbullah”ın rəhbər şəxslərini və yüksək rütbəlilərini öldürərək son bir neçə ay ərzində onu kifayət qədər zəiflədib. Ancaq burada İran faktoru xüsusi diqqətdə saxlanılmalıdır. Çünki sözügedən təşkilatın əvvəlki gücünü qaytarmağa məhz İran kömək edə bilər. Əlavə olaraq, ABŞ və Fransa mövcud vəziyyətin pozulmaması üçün Livan ordusunun güclənməsinə çalışacaqlar. Ancaq yenə də zəif “Hizbullah” Livan ordusundan indiki vəziyyətdə güclüdür”, – deyə o bildirib.
Nəsimi Ələsgərli