Bu gün paytaxta gətirilmiş yeni metro vaqonlarından ibarət, innovasiyalar baxımından sonuncu nəslə mənsub bir qatar xəttə buraxılır.
Yenicag.az xəbər verir ki, sərnişin daşımalarına qoşulan 81-765 B./81-766 B. modelli vaqonlardan ibarət 20-ci qatar Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin istehsalıdır. 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar “Bakı Metropoliteni” QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal edilib. Aparılan müvafiq sazlama işlərindən sonra yeni qatar sınaq və tənzimləmələri keçərək istismara buraxılır.
Qeyd edək ki, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək. Bu isə sərnişindaşımanın xidmət keyfiyyətinin daha da artırılmasına şərait yaradacaq.