“Baxırsan, hər qabiliyyəti yerindədir, özünə əmindir, doğru sual verməyi bacarır, mövzunu tuta bilir, xəbər duyumu var, amma heç bir yöndə fərli-başlı material ortaya qoya bilmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında jurnalistin yazı qabiliyyəti və onu inkişaf etdirmənin yolları barədə danışan Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.
Onun sözlərinə görə, Mediada çalışan hər bir jurnalistin ən azı elementar yazı yazmaq bacarığı olmalıdır:
“Di gəl, mətbuatda fikrini normal qələmə ala bilməyən yüzlərlə jurnalist var. Baxırsan, hər qabiliyyəti yerindədir, özünə əmindir, doğru sual verməyi bacarır, mövzunu tuta bilir, xəbər duyumu var, amma heç bir yöndə fərli-başlı material ortaya qoya bilmir. Forma ilə məzmun arasında kəskin bir uçurum yaranır. Belə jurnalist illərlə mətbuatda çalışsa da, böyük nailiyyəti olmur. Maaşdan maaşa zamanını öldürür.
Gözəl yazısı, fenomenal istedadı olan jurnalistlər də az deyil. Elə bil onlara Allahdan vergi verilib. Sözü sözə calayıb bir şedevr yaradırlar. Özü də əziyyətsiz, filansız. Heç zaman tükənməyən bir bulağa bənzəyir belə yazarlar.
“Yazı yazmağı öyrənmək lazımdır, yoxsa elə istedadın hesabına da işi yola vermək olar” sualının birmənalı cavabı yoxdur. Hər bir işin bir qaydası olduğu kimi, yazı yazmağın da öz sistemi var. Özü də fizika, riyaziyyat və kimya elmlərində olan dəqiq qaydalar həm də publisistika, ədəbiyyat və jurnalistikada mövcuddur. Bunları bilmədən, öyrənmədən yaxşı bir yazar olmaq mümkünsüzdür. Sadəcə, xüsusi istedadı olanlar bu işin öhdəsindən daha asanlıqla gəlirlər. Yəni az zaman sərf edərək, gözəl sənət əsəri, yazı nümunəsi ortaya qoya bilirlər”.
İ.Rafiqoğlu qeyd edib ki, belə bacarığı olmayan kimsə daha çox qüvvə sərf etməyə məcburdur:
“Belə olan halda, o şəxs konkret olaraq nə etməlidir? Yaxşı yazmaq üçün çoxlu mütaliə etmək lazımdır. Dünya ədəbiyyatının zirvəsində qərarlaşmış yazıçı və şairlərin əsərlərini oxumaq pis olmazdı. Bu, jurnalistin ümumi dünyagörüşünün artmasına yardım edərdi. Bununla paralel dilin daşıyıcısı olan qələm əhlinin əsərlərini oxumaq hətta daha əhəmiyyətlidir, çünki söz onlardadır. Yaxşı yazarın söz ehtiyatı çox zəngin olmalıdır. Həm də Azərbaycan yazıçılarını oxumaqla dilin daxili quruluşunu, cümlənin doğru modelini anlamaq daha rahat olar. Tərcümə ədəbiyyatı həmin effekti vermir. Yaxşı yazmaq istəyən gərək bir yerdə məktəb keçsin. Əvvəllər qəzetlər savadlı, gözəl yazı qabiliyyəti olan jurnalisti yetişdirməkdə öndə olurdular. Hər gün yazı yazırsansa, deməli, tədricən bir nəticə əldə edəcəksən. Bu gün belə imkanlar azalıb. Xəbər tələsir deyə, biz də xəbərin ardınca tələsirik.
Bir sözlə, çoxlu mütaliə etmək, hər gün yazmaq, gözəl nitqi olan insanları dinləmək kimi işlər hər bir jurnalistin yazı imkanlarını xeyli artıra bilər. Sadəcə, bu olduqca ağır bir işdir, heç də hər kəs belə bir yükün altına girmək istəmir. Bu səbəbdən də bizim peşədə elementar yazı bacarığı olmayan bir jurnalist təbəqəsi formalaşıb”.
İsmayıl Bakuvi