Yay vaxtının ləğvi Azərbaycanda nələri dəyişdirəcək? – Araşdırma

saatBu gün Nazirlər Kabinetinin 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olundu. Yəni artıq martın 27-də saatlar irəli çəkilməyəcək.

Bəs ölkədə yay vaxtına keçidin ləğvi Azərbaycanla digər ölkələr arasındakı saat fərqinə necə təsir edəcək?

Lent.az bununla bağlı kiçik bir araşdırma aparıb.

Məlumdur ki, dünya əhalisinin yüzdə 77-si ( təxminən 4.5 milyard) yay saatına keçmir.

Almaniya, ABŞ, Kanada, Meksika, Kuba, Braziliya, Kolorado, Florida, Miçiqan, Missisipi, Nyu York, Ohio, Vaşinqton, Belçika, Rio De Janero, Estoniya, Ukrayna, Serbiya, Slovakiya, San Marino, Portuqaliya, Paraqvay, Malta, Lüksemburq, Fransa, Kanada, Macarıstan, Monako, Ruminya, Monako, Moldova, Suriya, Yeni Zelandiya, İngiltərə, İrlandiya, Çili, Asiyada Ermənistan, Çexiya, İran, Yunanıstan, Afrikada Misir, Fas, Tunus və digər ölkələrdə yay vaxtı istifadə edən ölkələr arasında yer alır. Yay saatı 153 ölkədə isə heç istifadə edilmir.

Yay vaxtına keçib sonra imtina edənlər sırasına isə Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Pakistan, Liviya, Əl-Cəzair, Peru, Orta Asiya ölkələri, Avstraliyanın bir qismi, Orta və Cənubi Amerika qitəsindəki bəzi ölkələr daxildir.

Sonuncu qrupa Azərbaycan da bu gün qoşuldu.

Bildirək ki, Azərbaycanla digər ölkələr arasındakı saat fərqləri belədir: Azərbaycan saatı Türkiyə, Finlandiya, Bolqarıstan, Latviya saatlarından 2 saat, Almaniya, Fransa, Hollandiya, Danimarka, Macarıstan saatlarından 3 saat, ABŞ, Kanada saatlarından 11 saat, Meksika, Braziliya saatından 10 saat, Gürcüstan və Rusiya saatından 1 saat, İran, Hindistan saatından 30 dəqiqə irəlidir. Çin saatından isə 3 saat, Tailand saatından 2 saat, Avstraliya saatından 5 saat geridir.

Bundan başqa, İspaniya saatından 4 saat irəli, Yaponiya saatından 4 saat geri, Qazaxıstan saatından 1 saat geri, Yunanıstan saatından isə 1 saat 59 dəqiqə irəlidir.
Nazirlər Kabinetinin bugünki qərarından sonra isə Azərbaycanın digər ölkələrlə saat fərqində də dəyişiklik müşahidə ediləcək.

Nəzərə alsaq ki, ölkədə daha çox türk kanalları izlənilir. Demək ki, veriliş, serialların da vaxtında xeyli fərq yaranacaq.

Türkiyə saatı Azərbaycan saatından 2 saat geridirsə, artıq bu fərq 1-ə enəcək. Belə ki, Türkiyədə yay vaxtına keçidlə bağlı martın son bazar günü saatlar bir saat irəli çəkiləcək.

Rusiya ilə isə saat fərqimiz olmayacaq.

Bundan başqa, Braziliya ilə saat fərqimiz 9 saat, Fransa ilə 2 saat, Yunanıstanla saat fərqimiz 1 saata, Almaniya saatı ilə fərq isə 2 saata enəcək.

Nyu York saatı Azərbaycan saatından 8 saat geri idisə, indi bu fərq 7-ə enəcək.
Həmçinin, Azərbaycan saatı Budapeşt saatından 3 saat irəli idisə, indi bu fərq 2-ə enəcək. Macarıstan saatı 3 saat geri idisə, indi bu fərq 2-ə enəcək.

Azərbaycan saatı Çexiya saatından 3 saat irəlidirsə, indi saat fərqi 2 saat olacaq.

Xatırladaq ki, yay vaxtına keçid ilk dəfə 1784-cü ildə ortaya atılıb, 1916-cı ildən tətbiqinə başlanılıb. Yay saatı tətbiqi hər hansı bir ölkədə və ya bölgədə gün işığından, səhərlər daha az, günortadan sonra daha çox yararlanmaq üzrə periodik olaraq saatların müəyyən bir miqdarda dəyişdirilməsidir. Yəni yay vaxtına keçid zamanı saatlar bir saat irəli, qış vaxtına keçid zamanı isə bir saat geri çəkilir.