Yaz mövsümünün bitməsinə artıq bir neçə həftə qalıb. Bahar ayları, xüsusilə may ayı havanın qeyri-sabit keçməsi ilə yadda qaldı. Hazırda da ölkəmizdə, xüsusilə bölgələrdə yağışların yağması ilə daşqınlar baş verir. Bəs, görəsən, yaz aylarında havanın qeyri-sabit keçməsi yayda çox istilərə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən meteroloq Cavid Hüseynov bildirib ki, iyul və avqust aylarında havanın temperatur göstəriciləri aylıq temperatur normalarına yaxın olacağı ehtimal olunur.
“Azərbaycanda təbii sinoptik-iqlim yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək, təxminən 120 gün davam edir. Yayın əvvəlində (iyun ayının axırlarına qədər) Şimal dənizləri və Şimali Atlantika üzərindən kontinental və dəniz Arktik hava kütlələri ölkə ərazisinə daxil olur və dəyişkən sinoptik-hava şəraiti yaradır. Bu zaman Azərbaycanda yaz ayları üçün xarakterik olan atmosfer proses və hadisələri müşahidə olunur. Yayın ikinci yarısında isə tropik kontinental hava kütlələrinin müdaxiləsini daha çox hiss edirik. Bu zaman dayanıqlı sinoptik şəraitdə düzənlik və dağətəyi regionlarımızın həddindən artıq istiləşməsinə, tropik hava kütlələrinin yerli hava kütləsinə çevrilməsinə, havaların quraq və çox isti keçməsinə səbəb olur. İyul və avqust aylarında havanın temperatur göstəriciləri aylıq temperatur normalarına yaxın olacaq”, – deyə o əlavə edib.
O qeyd edib ki, iyul ayının orta temperaturu Azərbaycanın düzənlik bölgələrində 24-27°C olduğu halda, ortadağlıqda 20-15°C, yüksək dağlıq ərazilərdə isə 10-5°C müşahidə ediləcək:
“Düzən ərazilərimizdə Lənkəran və Gəncə-Qazax düzənliyindən başqa, maksimal temperaturların 40-43°C, dağətəyi zonalarda 37-40°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C və yüksək dağlıq ərazilərdə (3000-3500 m) 20-30°C olacağı ehtimal edilir”.
İsmayıl Bakuvi