Yayda necə qidalanmalıyıq?

XII əsrdə Suriyalı həkim Əvdül-Fərəh xəstəyə müraciət edərək demişdir: Bax, biz üçük: mən, sən və xəstəlik. Əgər sən mənim tərəfimdə olsan, biz ona qalib gələrik. Əgər sən onun tərəfinə keçsən mən təklənərəm, sizin ikinizə qalib gələ bilmərəm”.

Hər kəs düşüncə, fikir və mülahizələrini fərqli şəkildə ifadə etməkdə tam sərbəstdir və bu mən tərəfdən də ixtiyaridir. Yoluxucu xəstəliklər insanlara “yoluxucu status” kimi olduqca mənfi təsir bağışladığından çalışıram ki, onlarda bədii təsvir və tibb məlumatların bir araya gəldiyi emosional yaddaş yaradım.

Hələ məktəb illərindən amerika yazıçısı E. Heminqueyin qeyri-adi həyatı məni öz cazibəsinə salmışdı. O, ən son müsahibəsində demişdir: ”Əsl kişi yataqda ölə bilməz, o ya həyatda həlak olmalıdır, ya da ki, güllə ilə alnına atəş açmalıdır”. “Əzrailin öldürə bilmədiyi” yazıçı öz silahı ilə alnına atəş açır, bununla həyatla vidalaşır (babası və atası da həyatlarına intiharla son qoymuşdur). Bu hadisə məni bir yeniyetmə kimi sarsıtmışdı, heyrətə gətirmişdi… Bunları xatırlatmaqla oxucuları bədbin notlarla kökləmək niyyətindən xaricəm. Sadəcə onun məni cəlb etmiş ən rəngarəng həyat yaşamasının bir parçasını sizə təqdim etdim. “Sonuna gəlmişkən məğlub olmayın” və “insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür” deyən yazıçının həyatı acı sonluqla bitsə də, sanıram ki, o, həqiqətən də məğlubedilməz oldu!

İllər sonra mən yenidən onun yaradıcılığının zirvəsi kimi qiymətləndirilən, ona ədəbiyyat üzrə Nobel mükafatı laureatı qazandıran “Qoca və dəniz” povestinə müracət etdim. Bu əsəri sevməmək, təsirinə düşməmək qeyri-mümkündür. Artıq böyümüşdüm, həkim idim. Bu dəfə məni onun macəra dolu həyatı deyil, əsərdəki müdrikyanə fikirləri, fərqli yazı üslub sehrinə saldı. Bu əsərdə qoca əzab həm mənəvi, həm fiziki əzab çəkir. Qoca dənizçi ümidsiz məkanda təslimçilik əhvalına qapılmır, bədəninin ağrıları da onun ümidlərinə qoşulur, həyatın varlığın ağrıda görən qoca canının ağrımasından və uzaq ulduzların varlığından təsəlli tapır. Bəli, qoca həyat eşqini qoruyub saxlayır, dənizdə batsa da, o da əsərin müəllifi olan yazıçı kimi sonda məğlubedilməz olur.
Amerikalı dietoloq Qudson söyləmişdir: “Xəstə olmağa risk etmə!” Çox gözəl tibbi devizdir!

“Bir balaca boyu, dam dolusu toyu” olan qida toksikoinfeksiyaları barədə sizin hamınıza səmimi olaraq tövsiyəm budur ki, özünüzü qoruyun! Yaxşı vaxtınızı pozan, sizə ağrı gətirə bilən müəmmalı qida məhsullarını qəbul etməyə risk etməyin! Həyat hələ qabaqdadır, qoy həyatınız həmişə sağlam və firavan olsun!
Risk etsəniz belə, qorxmayın! Çünki “Əgər ağrı varsa, deməli həyat var” və “Ağrı ilə yaşayan ömür böyük olur və o daim gerçəklikdən yüksəkdə durur” – belə deyir Heminquey!

Əgər “qarnınız sancı şəklində” bərk ağrıyırsa və “əzabverici, üzücü, aramsız ürəkbulanma ilə qusmadan” əzab çəkirsinizsə və buna bəzən ishal qoşulursa, siz də xəstəliyə təslim olmayın, sağalmağa ümidli olun! Təklənməyin, dərhal həkimə müraciət edin və sonda həqiqi qalib olun!

Müəllifdən

Qida toksikoinfeksiyaları (QTİ) şərti-patogen bakteriyalarla çirklənmiş qidaların qəbulundan əmələ gələn, mədə-bağırsaq traktının yuxarı şöbəsinin zədələnmə simptomları (qastrit, qastroentrit), su-duz mübadiləsinin pozğunluğu və yüngül intoksikasiya sindromu ilə gedən kəskin, lakin qısamüddətli xəstəlikdir.

Qida zəhərlənmələri isə cəmləyici diaqnoz olub bakterial və qeyri-bakterial mənşəli olmaqla 2 növə ayrılır. Qeyri-bakterial mənşəli qida zəhərlənmələrinə göbələk zəhərlənməsi, zəhərli gübrələrlə zəngin meyvə-tərəvəzin qəbulundan əmələ gələn digər xəstəliklər aiddir. Bakterial mənşəli qida zəhərlənmələri isə qida toksikoinfeksiyaları adlandırılır.

Müasir dövrdə insanların qidalandığı bütün qida məhsullarında rast gələn bakteriyalar qida zəhərlənmələrinin ən geniş yayılmış səbəbidir. QTİ-nin törədiciləri ekzotoksin ifraz edən şərti-patogen bakteriyalardır (St. aureus, Gl. perfrinqens, Pr. vulqaris, Pr. mirabilis, B. cereus, Klebsiella, Enterobakter, Citrobakter, Serratia, Vibrio və s.). Xəstəliyin əmələ gəlməsində əsas rolu ekzotoksin oynayır. Qeyd edilən bakteriyaların heç də hər ştamı ekzotoksin ifrazetmə qabiliyyətinə malik olmur. Bu səbəbdən qəbul edilimiş qidada çoxlu miqdarda bakteriyaların olması xəstəliyin inkişafına gətirib çıxarmır. Bu bakteriyalar müəyyən qidalara düşdükdə orada artıb çoxalır və məhv olanlardan azad olmuş toksin həmin qidalarda toplanır, belə qidaları qəbul etdikdə mədəyə qida və bakteriyalarla birgə hazır toksin həmin qidalarda toplanır, belə qidaları qəbul etdikdə mədəyə qida və bakteriyalarla birgə hazır toksin daxil olur ki, bu da infeksion xəstəliklər klinikasında ən qısa gizli dövrü şərtləndirməklə əlamətlərin tez meydana çıxmasına səbəb olur.

Törədicilərin əksər hissəsi 30 dəq. qaynama zamanı məhv olur, lakin bakteriya olmasa da, toksin temperaturun təsirindən inaktivləşmir və xəstəliyi törədir. Yoluxma mexanizmi fekal-oral, yoluxma yolu alimentardır. Yoluxma faktorları: bərk (kolbasa, yumurta, ət və balıq konservləri, qənnadı məmulatlar, əsasən kremli və s.) duru (sup, süd, şirə, kompot, limonad, dondurma) ərzaq məhsulları. Ət, yumurta və süd məhsulları daha çox çirklənir. Dərisində irinli xəstəliyi (piodermiya, dolama, irinli yaralar), angina, rinofaringit, pnevmoniyası olan xəstələr və mastiti olan heyvanlar infeksiya mənbəyidir. QTİ hər yerdə rast gəlsə də, kontagioz xəstəlik deyil, yəni insandan insana ötürülmür və tezliyinə görə yalnız kəskin respirator infeksiyalardan geri qalır. Xəstəliyə həssaslıq ümümi olub (90-100%) yoluxmuş qida məhsulu qəbul edənlərin əksər hissəsini əhatə edir. Bununla belə, yaşlı şəxslər, gənclər, hamilə qadınlar və zəif immun sistemli insanlar, adətən, daha çox həssaslıq göstərirlər. QTİ-nin təhlükəliliyi kütləvi yayılmasının tezliyi, infeksiya mənşəyinin mürəkkəbliliyi, dehidratasiya şokunun, kəskin ürək çatışmazlığının inkişaf mümkünlüyü ilə hətta ölümlə nəticələnməsi, xüsusi ilə uşaqlar və yaşlı şəxslər arasında, şərtlənir. Qrup və partlayış səciyyəli xəstələnmə (qısa müddət ərzində yoluxmuş məhsulu birgə qəbul etmiş bütün insanlar mütləq şəkildə xəstələnir) xasdır. QTİ ilboyu, daha çox isə isti aylarda baş verir, bu dövrdə hazırlanmış qida məhsullarının qüsursuz saxlanmasını həyata keçirmək çox çətin olur. Qida zəhərlənmələri barəsində qorxunc həqiqətlərə ABŞ-da “Xəstəliklərin profilaktikası və nəzarəti üzrə mərkəzin” verdiyi məlumatlarda rast gəlir. Hər il burada 5000 min insanın ölümünə yol açan 76 mln. qida zəhərlənməsi ilə xəstələnmə hadisəsi baş verir.

Göstərilir: QTİ-yə təhrik edən 14 təhlükəli yay məhsulları (burgerlər, sezar, yarpaqlı yaşıl, kartof və makaron salatları, ev dondurmaları, toyuq, pomidor, müəmmalı yumurta,və s.) var ki, onlar sizdə ağrıya səbəb ola bilər.Yeri gəlmişkən, qida zəhərlənməsinin qarşısını almaq barəsində Qudson demişdir: “Empirik, yəni təcrübəyə əsaslanan qayda ondan ibarətdir ki, heç bir qida məhsulu 4 saatdan artıq saxlanılmamalıdır, bu təkcə birdəfəlik 4 saata deyil, həmçinin yığılmış 4 saatın cəminə aiddir”. Gizli dövr 30 dəq-24 saat (ən çox 2-6 saat) olur. Xəstəlik normal və ya subfebril, qısamüddətli, tez düşən hərarət, baş ağrısı, sonradan əzabverici ürəkbulanma ilə müşayiət olunan, adətən yüngülləşmə gətirməyən qusmanın qoşulması və enteritik, yəni qansız, seliksiz xarakterli ishal, epiqastral, göbək ətrafında ağrı ilə kəskin başlayır. Bəzən bayılma, qısa müddətli kollaptoid vəziyyət, dərinin turqoru, ətraf əzələlərdə qıcolmalar, çoxlu qusma və bolluca ishal zamanı isə dehidratasiya, demineralizasiya və asidoz baş verir. St. aureus mənşəli QTİ qastrit tipində gedir, təkrari qusma, epiqastral nahiyədə sancışəkilli ağrı olur, hərarət və ishal isə olmur. Gl. perfrinqens mənşəli QTİ nekrotik enterit və anaerob sepsis verir. Xəstəlik 1-3 gün davam edir. Əksər hallarda proqnoz əlverişlidir, ağırlaşmalarda isə ölüm faizi bir qədər yüksəkdir. Xəstəliyin diaqnozunda aşağıdakı klinik-anamnestik məlumatlar əsas rol oynayır: kəskin başlanğıc, qastrit və ya qastroenterit əlamətlərinin üstünlüyü, hərarətin olmaması və ya onun qısamüddətliliyi, gizli dövrün qısalığı, xəstəliyin çox çəkməməsi, eyni qidanı qəbul etmişlərdə baş verməsi, onun qrup və partlayış xarakteri. Laborator müayinədə aşkar edilən törədicinin toksigenlik xassələrinin öyrənilməsi ilə bakteriolji (qusuntu kütləsi, mədənin yuyuntu suyu, nəcis, qida qalığı və s.) üsul böyük əhəmiyyət kəsb edir. Bu zaman xəstədə bu və digər mikrobun aşkar edilməsi onun etioloji faktor olmasını sübut etmir. Onun eyni vaxtda və eyni qidadan xəstələnmişlərdə aşkar edilmiş ştamlarının yoluxmuş məhsuldan alınmış törədiciləri ilə identifikliyini ( eyniliyini) sübut etmək lazımdır. QTİ baş veribsə, mədə yuyulmalı və yüksək sifonlu imalə (2-4%-li NaHCO3) edilməli, adsorbentlər (polifepan, aktivləşmiş kömür, CaCO3), pəhriz və vitaminoterapiya, rehidratasiya müalicəsi (I-II dərəcəli susuzlaşmada peroral, III-IV dərəcəli susuzlaşmada venadaxili poliion məhlullar) aparılmalıdır. Qeyd etmək çox mühümdür ki, QTİ-də antibiotiklər istifadə etmirlər, belə ki, səbəbi bakteriyalar deyil, toksinlərdir. Antibakterial preparatlar yalnız ağırlaşmış gedişdə məqsədəuyğundur. Həmçinin antidiareya vasitəsi kimi imodiumu da qəbul etmək olmaz, bu bağırsaq möhtəviyyatının ifraz olunmasını əhəmiyyətli dərəcədə ləngidir ki, bu daha da zəhərlənmənin artmasına və xəstəliyin gedişinin pisləşməsinə gətirib çıxarır. QTİ-nin qarşısını almaq üçün qida məhsullarının saxlanılması, hazırlanması və s. zamanı sanitar qaydaların ciddi gözlənilməsi, dəri və yuxarı tənəffüs yollarının stafilokokk xəstəlikləri olanlar və gəzdiricilər aşkar edilib müalicə edilməlidir. Şəxsi gigiyena qaydalarına gəldikdə isə yeməkdən əvvəl əllərin yuyulmasına dair məlum “qızıl” qaydanı qəti unutmaq olmaz! Yararlılıq müddəti keçmiş, hətta soyuducuda saxlansa belə, qidanı qəbul etmək məsləhət görülmür, çünki toksinlər çoxu aşağı temperaturda qalmaq qabiliyyətinə malikdir.

Kəskin bağırsaq infeksiyalarının, o cümlədən QTİ-nin fövqəldərəcədə yayıldıgı inkişaf etməkdə olan ölkələrə səyahət zamanı xüsusi ilə diqqətli olmaq vacibdir (çiy tərəvəzlərdən, salatlardan, yuyulmamış meyvələrdən çəkinmək, yalnız təzə hazırlanmış isti yeməklər, qaynanmış su içmək, buzlu içkilər istifadə etməmək tövsiyə olunur). Desmol səyyah diareyalarının profilaktikasında effektli vasitədir. ABŞ-da qida təhlükəsizliyinə dair ciddi xəbərdarlıq edilir: ”Şübhəli məhsulları qəbul etməyə risk etməyin!” və hazırkı məqamda “Siz zər atıb zərlə oynayırsınız!”, lakin siz heç də köməksiz deyilsiniz!” Qida zəhərlənmələrinin qarşısını almaq üçün ərzaq mağazasından başlayan qida təhlükəsizliyi “günahkar” sayılan çiy yumurtalardan uzaq qaçmaq, hamilə vaxtı daha ehtiyatlı olmaq və bu kimi 8 üsul göstərilməsi ilə sona çatır.

Sonda belə bir maraqlı qayda da tövsiyə edilir: “2 – 2 – 4”. Bu o deməkdir ki, 2 saatdan artıq yeməyi saxlamayın, soyuducunun konteynerində 2 düym dərinliyində soyudun, qida qalığını 4 günə kimi istifadə edin və ya dondurun.

Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər üzrə mütəxəsis Elza Qüdrət qızı Orucova

COP29