“Yazıçının rayonlu və ya şəhərli olması yaradıcılığa təsir edirmi?” – Şimal bölgəsinin ədəbi mühiti

Sirr deyil ki, bu gün paytaxt Bakıda böyük təmərküzləşmə prosesi gedir. Sadəcə iqtisadi və siyasi deyil, həmçinin ədəbi-mədəni sferada da Bakı mərkəz olma statusunu qoruyur. Bu, bir yandan paytaxtda qeyd olunan mühitlərə çıxışın asan olması ilə əlaqədardısa, digər tərəfdən toplum qaydalarının burada təzyiqə daha az meyilli olması ilə bağlıdır. Bundan başqa, çevrənin geniş və ya dar olması məsələsi də bölgələrlə Bakı arasında ədəbi-mədəni mühit baxımından fərqlərin ortaya çıxmasına səbəb olan amillərdəndir.

Bəs görəsən, Şimal və ətraf bölgələrdə ədəbi mühit necədir? Ümumiyyətlə, bölgədə yazıb-yaratmaqla Bakıda yazıçılıq fəaliyyəti ilə məşğul olmaq arasında hansı fərqlər var?

Oğzuda doğulub-böyüyən yazıçı, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı İlahə Səfərzadə Shimal.News-a açıqlamasında Bakı ilə bölgələr arasındakı ədəbi şəraitin mövcud fərqlərindən danışıb.

Şimal bölgəsinin ədəbi mühiti

Yazıçının sözlərinə görə, Bakıda rayonlara nisbətən ədəbi aləmə çıxış əldə etmək daha asandır:

“Yəqin ki, Oğuzda yaşasaydım, daha çətin olacaqdı. Çünki yazıçılar, ümumiyyətlə, ictimai şəxslər üçün Bakıda yaşamaq əlverişlidir. Çünki burada kitab sərgiləri, təqdimatlar, dostlarla ədəbi-bədii söhbətlər, müxtəlif tədbir və televiziya kanallarında iştirak etmək və öz fikirlərimizi bölüşmək imkanı əldə edirik. Rayonda yaşayanlar üçün isə bunlar yalnız sosial şəbəkələr vasitəsilə mümkün olur. Məlum məsələdir ki, paytaxta sıx-sıx gedib-gəlmək də mümkün olmur.

Rayonda mühit də dar və məhduddur. Ona görə yazıçı, şair, ümumilikdə, yaradıcı insan sayı az olduğu üçün fikir mübadiləsi etmək, ədəbiyyata dair müxtəlif tədbirlər və söhbətlər də etmək çətinləşir. Həm də fikirləşirəm ki, çoxu fikirlərini də azad ifadə edə bilmir. Şəhər bunun üçün də daha əlverişli mühitdir”.

Yazıçının rayonlu və ya şəhərli olması məsələsinin yaradıclığa təsiri haqqında da danışan İlahə Səfərzadə rayonda yazıçı azadlığının nisbətən məhdudlaşdığını vurğulayıb:

“Əslində, yazıçının rayonda və ya şəhərdə yaşaması onun yaradıcılığına təsir etməməlidir. Düşünürəm ki, yazıçının öz dünyası olmalıdır. Ancaq və lakin… reallıq başqadır. Bir neçə il öncə kənddə yaşayan yazıçı tanışım – o həm də müəllimdir – gileylənmişdi ki, yazdıqlarını oxuyub müxtəlif mənalara yozurlar. Şəhər mühitində bu cür məsələlərə problem kimi baxmırıq, ancaq kənddə yaşayıb hər gün bir-birinin üzünə baxan insanlar üçün, yəqin ki, çətin olur. Doğrusu bilmirəm, bəlkə də, belə məsələləri özünə heç problem etməyib tamamilə içindən gəldiyi kimi yazan yazıçılar da var. Ancaq fakt odur ki, belə nüansların yaradıcılıq proseslərinə əngəl olduğu yazıçılar da tanıyıram ki, əslində, onlar istedadlı adamlardır”.

“Rayonların mədəni mühitinin bir o qədər inkişaf etmədiyini nəzərə alsaq, yazıçının oxucu baxımından qarşılaşdığı problemləri daha yaxşı anlayarıq”, – deyən yazıçı sözlərini belə davam etdirib:

“Yəni Oğuz, Qəbələ, Quba və digər bölgələrdə mədəni mühiti davamlı olaraq canlı tutmaq istər-istəməz rayon sakinlərinin düşüncəsinə, hətta yaşayış tərzlərinə təsir edəcək. Çünki burada təbliğatdan söhbət gedir. Ədəbi aləmin ürəyi bu yaxınlarda Bakı Beynəlxalq Kitab Sərgisində döyünürdü. Hətta sərginin şəhər ətrafında təşkil edilməsi narazılıqlar da yaratmışdı, baxmayaraq ki, oraya rahat gediş-gəlişin təmin olunması üçün əlavə marşrut xətləri də açılmışdı. Ancaq bu belə insanların sərgiyə gəlib kitab aləminə daxil olmalarına böyük əngəl oldu. Belə olan halda, ildə iki dəfə belə varsa, kitab sərgisi-filan keçirilməyən rayon sakinlərindən ədəbi-mədəni mühitə marağın yaranmasını necə gözləyə bilərik? Yazıçını var edən də oxucudur, oxucunun olmaması isə ədəbi mühitin olmaması deməkdir”.
Şimal bölgəsinin ədəbi mühiti

Şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Oğuz bölməsinin sədri Vüsal Oğuz saytımıza açıqlamasında bölgələrdə ədəbi mühitin müxtəlif dərnək və birliklər vasitəsilə canlı tutulduğunu qeyd edib.

Vüsal Oğuz xüsusilə gənc qələm sahiblərinin paytaxt Bakıya üz tutmalarının səbəbini işsizlik problemi ilə əlaqələndirib:

“Şimal və yaxud daha dəqiq desək, şimal-qərb bölgəsində ədəbi mühit paytaxt və iri şəhərlər – Gəncə, Sumqayıt – kimi güclü olmasa da, tam yox da deyil. Xüsusilə son 5-6 ildə müəyyən qədər canlanma və fəaliyyətin genişlənməsi müşahidə olunur. Qəbələ və İsmayılı yazarları və onların ədəbi dərnəklərini, birliklərini qeyd etmək doğru olardı. Amma bütövlükdə ən böyük problem ondadır ki, ədəbi mühitə can atan, yaradıcılıqla məşğul olan gənclər paytaxt Bakıya toplaşıb. Bunun da müxtəlif səbəbləri var. Həm bölgədəki ədəbi mühit onları qane etmir deyə, həm də bu sahəyə yaxın olan gənclər bölgələrdə ixtisasına uyğun iş tapa bilmədiyi üçün Bakı ideal seçimdir. Bölgədə qalan poeziya adamlarının da bir qismi təhsil sahəsində çalışan insanlardır ki, onlar da bədii yaradıcılıqla lazımi səviyyədə məşğul ola bilmirlər”.

Vüsal Oğuz hazırda regionda yaşayıb yaradıcılıqla məşğul olan yazıçı və şairlərin bəzilərinin adlarını çəkib:

“Bölgələrdə vəziyyət tam ürəkaçan olmasa da, sanballı qələm adamları, az da olsa, var və yazıb-yaradırlar. Məsələn, Qəbələ rayonundan şair Qismət Məsim, Qərib Hüseynov, Qoşqar Qaraçaylı, Cəlil Xeyirbəy, Şəhla Xəlilqızı, Elza Dəniz Nur poeziya nümunəsi sayılacaq şeirləri ilə diqqəti cəlb edirlər. Oğuzda yazıb-yaradan Nazim Hüseynli, Yusif Rza, gənclərdən Əfsər Abdullayevi xüsusi qeyd etmək istərdim. Həmçinin İsmayıllı rayonundan Şahməmməd Dağlaroğlu, Turac Hilal, Ülvi Bahadır, Cəbrayıl Hüseyn, qocaman şair Əvəs Küskün, Nailə Yırğançaylı və adını çəkmədiyim neçə-neçə imzalar var”.

AYB-nin Oğuz bölməsinin sədri bölgə yazarının yazdığı yeni şeiri oxumağa bəzən ciddi oxucu tapa bilmədiyini vurğulayıb:

“Bölgədə yazıb-yaratmağın müsbət tərəflərini belə izah edərdim ki, təbiətlə təmasda olmaq, doğma yurdun gözəlliyinin hər gün şahidi olmaq yaradıcı adam üçün bir motivasiyadır. Amma bunu tam olaraq müsbət tərəf kimi qəbul da edə bilmərik. Bölgədə yazıb-yaratmağın çətin tərəfləri çoxdur. Əvvəla, aktiv ədəbi mühitdən uzaqda olmaq yaradıcı adamın püxtələşə bilməməsi üçün ciddi səbəbdir. Ədəbi dərnəklərin fəaliyyətinin zəif olması, tanınmış qələm adamları ilə ünsiyyətdən, tanışlıqdan uzaq olmağın özü gənc qələm adamının formalaşmasını, yaradıcılığını zənginləşdirməsini ləngidən səbəblərdir. Mən hələ bunun mətbu orqanlarda dərc olunma çətinliyini, peşəkar, ustad şair və yazarların diqqətini çəkməməyini də əlavə etsəm, onda işin çətin tərəfi tam olaraq göz önündə canlanmış olar. Bölgə yazarı, şairi yazdığı yeni şeiri oxumağa bəzən ciddi oxucu tapa bilmir”.
Şimal bölgəsinin ədəbi mühiti

Qəbələdə müəllimlik fəaliyyəti ilə məşğul olan şair, AYB üzvü Qərib Hüseynov Shimal.News-a rayonun ədəbi mühitində durğunluq olduğunu deyib. Onun sözlərinə görə, rayonda yazıçı olmağın bir sıra çətinlikləri var:

“Rayonda yaşayan qələm adamları paytaxtdakı qızğın ədəbi mühitdən bir qədər uzaqda yaşadıqlarına görə mütəmadi baş verən ədəbi hadisələrdən, yeni kitab, səhnə əsərlərinin təqdimatları, yaradıcılıq müzakirələrindən kənarda qalırlar. İnternetin imkanları müəyyən çərçivələri aşmağa fürsət tanısa da, təəssüratlar fərqli olur. Yeniliklərlə ayaqlaşmaq çətinlik törədir, uyğunlaşa və rahat qəbul edə bilmirsən. İstər-istəməz gözəl qələm sahibləri ilə vaxtaşırı görüşlər, aparılan müzakirələr həm sənin qələminin püxtələşməsində, həm də yazıların vasitəsi ilə oxucu zövqünün formalaşmasında əhəmiyyətli fərq edir.

O ki qaldı Qəbələdə ədəbi mühitin necəliyinə, halımız məmləkətin halı kimidir. Durğunluq davam edir”.

Qərib Hüseynov Qəbələnin tanınmış şair və yazıçılarından bəzilərinin adlarını sadalayıb:

“Qəbələdə ilk ədəbi uğurlar dünyalarını dəyişmiş Tacəddin Şahdağlı və Şərif Tahirliyə məxsusdur. Hər iki rəhmətlik özlərindən sonra gələn nəsillər üçün ədəbi məktəb rolunu oynaya bildilər. Sonrakı mərhələdə 27 yaşında Sovet həbsxanasında dünyasını dəyişmiş dissident şairimiz Tofiq Vəndamlı gözəl yaradıcılıq nümunələri yaratmağa müvəffəq olmuşdur. İndi ağsaqqal sayılan sonrakı nəsil yazarlardan daha çox uğurlara nail olanlar Bakıda yaşayan Akif Cabbarlını, Məhəmməd Əlini misal göstərə bilərəm. Hər ikisi Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən sayılıb-seçilən qələm sahibləridir. Rayonda fəaliyyət göstərən yazarlardan Nazlı Ağayeva yaşlı nəslə mənsub çox istedadlı biridir. Ağsaqqal yazarlarımızdan Emin Baratoğlu müxtəlif səpkidə yazılmış 30-a yaxın kitabın müəllifidir. Uşaq şeirlərinə və publistikaya daha çox meyil edir.

Dünyasını dəyişənlərimizdən Füzuli Yavər çox gözəl, 50-dən artıq əsərə quruluş vermiş tanınmış rejisor idi. 20-yə yaxın pyesin, bir neçə romanın, çoxlu hekayələrin müəllifi idi. O həm də ən gözəl mənsur şeirlərin müəllifi kimi tanınırdı. Həmçinin Vaqif Yaquboğlu ilə Asim Məmmədovun da adını çəkmək yerinə düşər”.

Qərib Hüseynov gənc və orta nəslin nümayəndələrini də unutmayıb:

“Aygün Həsənoğlu hazırda Türkiyədə yaşayır. Tanınmış dramaturqdur, əsərlərinin çoxu Azərbaycan teatrının səhnələrində oynanılıb. Gözəl romanları, uşaqlar üçün yazılmış nağılları, hərbi vətənpərvərlik və Qarabağ həqiqətləri mövzusunda dəyərli tədqiqatları var.

İndiki ədəbi nəslin müəyyən uğurlara imza atmış ən istedadlı nümayəndəsi Qismət Məsimdir. Onun poetik uğurları rayonun sərhədlərini çoxdan aşıb, respublika səviyyəsində qəbul edilir və təqdir olunur. Pərvanə Zalamlı, Qoşqar Qaraçaylı, Elza Dəniz Nur, Natəvan Yusifova da istedadlı qələm sahiblərindəndir.

Bircə oğlu ikinci Vətən müharibəsində şəhid olmuş Cəlil Xeyirbəy xüsusilə istedadlıdır. Rayonun ədəbi mühitinin formalaşmasında böyük təsiri var”.

Şair sözlərini Qəbələdə yazıçıların oxuculara çıxışının bərbad vəziyyətdə olduğunu, məktəblilərlə qələm adamlarının görüşmələrinə imkan yaradılmadığını, mədəni-kütləvi tədbirlərin az olduğunu vurğulayaraq yekunlaşdırıb.

COP29