Yazı icad olunandan insanlığın qeydlər aparmağa başladığı hamımıza məlumdur. Keçmiş hərfi mənbələrin əsasən, bir antik dövlətin digərinə hücumu və ya digərinin özünü qəhrəmancasına müdafiəsini əks etdirməsi ilə başladığını unutmayaq. Bəzən isə bu iki amildən hansının digərinə daha çox təkan verdiyi sualları bizi düşündürür. Müharibələrmi yazının yaranmasına yoxsa əslində təhrif olunmuş yazılarmı yeni savaşların çıxmasına səbəb olmuşdur?
Görüntülərin hegemoniyası
Müasir fotoaparatın babası hələ 1840-ci illərdən insanlığın yaddaşının həmişə təzə qalmasına xidmət göstərməyə başlamışdır. Ondan öncəki təbliğat üsullarının necəliyi barədə maraqlananlara isə birlikdə qədim proto-propaganda dövrlərinə dəvət edirəm. Qədim Misir, Mesopatamiya, Yunan, Asiya dövlətçi uzaqgörən strateqləri apardıqları savaşları gələcək nəsillər qarşısında həm övünmək, həm də bəraət qazandırmağın ən yaxşı vasitəsinin yazı olduğunu yaxşı anlamışdılar. Demək olar ki, bütün antik vaxtların savaşlarını əks etdirən ciddi və yarı dastan mətnlərdə düşməni gözlərimizdə şişirtmək ön plana çıxmaqdadır. Burada əsasən üzərimizə bizdən sayca- yüz qat çoxlu hücum edən düşmənlər, yekəpər divlər, əcayib qeyri insani gücü olan məxluqlar daim ön plana çəkilməkdədir. Bütün bu qeyri bərabər güclərə baxmayaraq yekunda “biz qalib gəldik” pozitiv sonluğu, XXI əsrdə onları oxuyan insanlarda belə müsbət adrenalin yaratmaqdadır.
Gələcək nəsillərə hesablanmış yazıları anladıq, bəs axı keçmişdə insanların çoxu yazıları oxuya bilmirdi…Əlifbalar müqəddəs sayılardı onlar ancaq krallara, din kahinlərinə bəyan idi. Məsələn Misirdə Fironun fərmanı yuxarıdan aşağıya doğru yazılardı. Onun özünə nəsə ünvanlananda isə aşağıdan yuxarıya gedərdə bu xətt… Məhz elə antik kütlə psixalogiyasının babaları bundan ötəri rəssamları dəvət edərək- onlara lazımi göstərişləri verirdilər. Bu günün iphone, samsung və digər foto cihazları həmin dövrlərdə də olub, sadəcə onlar saxsı qablar, divar rəsmləri, heykəllər, boyalı xalçalar vasitəsi ilə çəkilib. Böyük qələbə, ayaqlar altında qalmış nəhəng düşmən, sivri silahlar, yırtıcı heyvanlar üzərində insan gücünü əks etdirən rəsm motivləri – qədim insanları qorxmadan daima irəli atılmağa motivasiya edən başlıca faktor olmuşdur. Bir sözlə: sizdən öncəkilər başardı, sizdə də alınar mesajları hər zaman aktuallığını qoruyub.
Qədim yunanlar antik propagandanın sirrlərinə daha tez adaptasiya olmuşlar. Cəsur basilevsi/kralı bütün imepriya tanısın deyə antik draxma pullarının bir üzündə taclarla bəzədilmiş cəsur kralın portretini, digər üzündə isə insanları əsla tək qoymayan tanrıçalarını, dövrün texnaloji üstünlüklərini əks etdirərdilər. Beləcə bu draxmaları əlində tutan milyonlarla kütlələr kralın enerjik üzünü, atletlərə xas sifət cizgilərini görərək ona həm təzim edər, həm də cuşa gələrdilər. Bu ənənə daha sonraları ön Asiya dövlətlərində də geniş yayılmışdır.
Uzaq Asiya kralları, racaları da təbliğatdan geri qalmamaq üçün daha çox böyük heykəllər düzəldərək, bununla sıravi insanların daxilində olan mübarizlik, aqressiyanın əslində necə də nəhəng olduğunu onlara aşılamışdır. Bu qısa sadalanan metodlar hamısı insan kütlələrinin bir kult/rəmz-vücud formasında eyni istiqamətə vurması üçün düşünülmüş alətlər olub.
Yazı makinasının piktoqramları sıxışdırması
Hazır görüntü motivlərinin yazı üzərində hegemonluğu orta əsrlərə qədər gəlib çıxmışdır. Gözlənilməz hadisələrin baş verməsi, gün boyu əmək fəaliyyəti ilə məşğulluq və müharibələr insanlarda oxumağa yox daha çox hazır piktoqrafik obrazlara baxmağa həvəs yaradırdı. Onlara görmədikləri Yaxın Şərqdəki dini hadisələri latınca danışmaqdansa, hazır yaralı ikona və ağlayan heykəllərin göstərilməsi məlumatın ötürülməsi üçün yetərli olub. Bu vasitə xristiyanlığın yayılmasında da başlıca rol oynamışdır.
Yüz illiklərdir surət ilə yazı arasındakı ədavət 1455-cı ildə alman İohan Qutenberq tərəfindən müasir insanlıq tarixində ilk dəfə metal lövhəli hərflərinin köməyi ilə çap makinasının icadında kimi davam etmişdir. Burada fərq, artıq makinanın əllə aylarla yazılan kitabdan fərqli olaraq – daha tez və çox sayıda çapı ilə nəticələnmişdir. Bu əlamətdar hadisə Qərbdə müxtəlif öncül fəlsəfi fikir axınlarının və texnalogiya elminin inkişaf etməsinə təkan vermişdir. Sürətli mətbəənin böyüməsi daha sonraları qəzetlərin yayılması, kütlələrin istənilən istiqamətə köklənməsi üçün əlverişli hal almışdır. Əgər müsəlman Şərqi ilə müqayisə etsək biz təbliğat işlərində elə həmin illərdən geri düşməyə başladığımızı etiraf etməliyik. Əfsuslar olsun ki, dövrünün müsəlman elitası bu makinaya iblis əməli deyərək, düz 1729-cu ildə İstanbulda tipoqraf İbrahim Müteferrikanın ilk basqı makinasını hazırlamasına kimi- bizi gecikdirdilər… Planet irəli fırlandıqca qadağalarla biz gerilədik.
Qafqaz Azərbaycanında isə vəziyyəti 1875-ci ildə bəsirətli, dahi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini dərc edərkən Osmanlıdan min bir əziyyətlə gətirdiyi makina ilə dəyişmişdir. Görün neçə il Şərq aləmi, proqressiv Qərbdən geri qalıb? 400 il…
Maraqlı bir qeydi əlavə etmədən keçməyək. Belə ki, Osmanlıda yəhudilər 1493-cü ildən, ermənilər isə 1567-ci ildən etnik mətbəələrini quraraq öz dillərində avropayi fikir axınlarını, müxtəlif vacib dillərdə lüğətlər, ticarətin sirrləri və bu kimi qabaqcıl kitabları çap edirdilər. Elə bu hamıdan əvvəl məlumata sahib olma yolları ilə də daim saraylarda və ticarətdə başarılı olmalarına səbəb olmuşdur. Daha dünyavi, bir neçə dillərdə danışan təhsilli insanlar yetişdirərək müsəlman dövlətlərinin ehtiyacı olduğu kadr siyasətində öz yerlərini tutmuşlar.
Görüntünün yenidən yazıdan üstün edilməsi
Hədəflər yeniləndikcə təbliğat texnalogiyaları da sürətlə bir-birini əvəz etməyə başlayır. Zamanla radio, televizor, qəzetlər üzərindən gedən uzun-uzadı təbliğatlar artıq kütlələri cəlb etmir. Bu sətirləri yazarkən bəzilərinizin mənimlə razılaşmadığınızı görürəm. Bir anlıq yada salın görək son dəfə nə zaman kioskdan qəzet almısınız? Bəs siz ən son xəbərləri radiodan yoxsa televizordan əldə edirsiniz? Təbii ki, müasir dünyada ən son hadisələri internet saytları, telegram kanalları/sosial şəbəkələr çatdırmaqdadır. Əksəriyyət isə saytlarda sadəcə xəbər başlıqlarına baxır, mətni heç oxumur da. Digərləri isə heç xəbər başlıqlarına da nəzər yetirmir, ancaq telegram kanallardan foto və qısametrajlı videolara baxmaqla kifayətlənir. Qərb insan gözlərinin tənbəlləşməsini tez anladı. İnformasiya mübarizəsində daha yeni üsullara baş vurdu. Xarici texnoloq strateqlər insanımızın duyğularına və həssas qəlbinə yol tapmaq üçün muxtəlif foto/videolar formatında- hər kəs biz istədiyimiz formada fikirləşməlidir adlı qlobal proyektini işə saldı. Biz isə elə bilirik ki, hadisələri başa düşürük. Əslində isə hazırda “başa düşmək” sözü ilə başa düşməyin özü arasında böyük uçurum mövcuddur. İnternet dəryasında həqiqəti gizlətmək üçün yüzlərlə fake/yalançı cavablar doldurmaqla- guya bizə doğrunu seçməkdə kömək edirlər. Belə ki, neo-propaqandistlər saxta həqiqətlərlə informasiya məkanını çirkləndirərək, düşüncələrin isqtiqamətini azdırmaqdadır. Buna kimiləri illüziya deyir. Kimiləri isə simulasiya adlandırır…Bunlar isə həqiqətdə “heç mövcud olmayan nəyinsə” saxta təbliğatı deməkdir. Diqqət etsəz son illərdə dünyada gedən hərbi münaqişə ocaqları barəsində məlumatları artıq yazılı xəbərlərdən yox, məhz bizə servis edilən video kadrlardan izləyirik. Məhz hamıda olan telefonlarla çəkilmiş videolar bizə daha inandırıcı gəlir. Heç həmin dilləri bilməyə gərək də yoxdur. Bir anın içində hamımız eyni səngərdə özümüzü hiss edirik. Bu artıq qlobal məlumat axınının bir qaynaqdan axması deməkdir. Tək hallarda araşdırmacılar sırf imzalanmış müqavilələri, siyasi şərtləri oxuyaraq incələyir. Görünən budur ki, qlobalistlər yenidən antik təbliğat vasitəsini işə salaraq yazı çağını qapadmağa doğru gedirlər. Kəlamı öldürməklə, humanizm dövrünü piktoqrafiya ilə əvəz edirlər. Burada məqsəd düşüncəyə yox, simulasiyalı görüntüyə inandırmaqdır.
Bu necə də bizə yerli saytlarda çox cılız keçirilmiş solğun tədbirlərin şişirdilərək tirajlanmasını xatırladır. Məncə insanlarımızın səmimiyyətindən istifadə edərək -bu kimi istər əcnəbi, istərsə saxta yerli xəbərləri dəqiq araşdırmadan dərc etmək özü də milli hədəflərimizə xəyanətdir. Kimlərisə super-vətənpərəst kimi göstərərək, işin əhli insanlarımızı itirməkdəyik. Burada deyiblər göranə qalıb, koranə önə çıxıb. Aldadıcı görüntü ilə deyil, məntiqli yanaşma və dövləti maraqlarımızı nəzərə aldığımız an- digər hazırlıqlı xalqları qabaqlaya bilərik. Qərbdə isə dünya əlifbalarını ləğv edərək hamının anlayacağı vahid metodu artıq tapıblar.
Qorxuram biz yenə 400 il geridən saymayaq…