Yeddi şadlıq sarayının sahibi CƏRİMƏLƏNDİ

Lənkəranda 6 şadlıq sarayının sahibi cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 6 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Amin”, “Ulum, “Starway”, “Boladi”, “Kral” və “Pərvin” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halları müəyyən olunub.

Həmin şadlıq saraylarının sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunublar.

 

Cəlilabadda da şadlıq evinin sahibi 4000 manat cərimələnib. 

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı rayon ərazisində yerləşən “Ülviyyə” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejim qaydalarının pozulması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Bundan başqa Cəlilabad rayonunun Cəlayir kənd sakini C.Məstəliyevin fərdi yaşayış evinin həyətində təşkil etdiyi məclis zamanı iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb və həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.