Yeganə Hacıyeva: “Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə hələ də səssiz qalırlar” – MÜSAHİBƏ

“Avropa təsisatları Ermənistanın çoxsaylı cinayətlərinə heç nəyə yaramayan “dişsiz” bir bəyanat verməklə kifayətləniblər”.

Politoloq Yeganə Hacıyeva Yenicag.az-a müsahibəsində 44 günlük müharibə və ondan sonrakı dövrdə erməni lobbisinin, o cümlədən, beynəlxalq təşkilatların Azərbaycan əleyhinə həyata keçirdiyi fəaliyyəti dəyərləndirib.

– Ermənistanın “hərbi əsirlərlə” bağlı beynəlxaql təşkilatlara göndərdiyi qondarma siyahının arxasında hansı məqsədlər dayanır?

– Ermənistan martın 12-də Avropa qurumlarına 300 nəfərlik bir siyahı təqdim edib. Siyahı həm də nəşi tapılmayan yerli erməni əsgərlərinin adlarını “mülki sakin” kimi göstərməklə, genişləndirilib. Ermənistanın sülh və qlobal təhlükəsizliyə təhdid olan beynəlxalq cinayətləri, silahlı münaqişələrdə tətbiq edilən humanitar hüquq normalarını və ya müharibə qanunlarını pozmasını bir neçə beynəlxalq insan haqları təşkilatları tərəfindən qeydə alınıb.

Ermənistanın dəfələrlə cəbhə xətti boyu əhalinin sıx yaşadığı rayonları intensiv atəşə tutması, heç bir hərbi obyekt mövcud olmayan ərazilərdə mülki əhalini hədəfə alması, müharibənin birinci günündə erməni qüvvələrinin Naftalan şəhəri yaxınlığındakı Qaşaltı kəndinə endirdiyi artilleriya zərbələri nəticəsində Qurbanovlar ailəsinin beş üzvünün həlak olması, oktyabrın 17-də Gəncəyə, Muxtar Hacıyev keçəsindəki yaşayış rayonuna “Elbrus” operativ-taktiki raketinin atılması nəticəsində 21 dinc sakin həlak olması, 50-dən çoxunun yaralanması, oktyabrın 27-də isə erməni qüvvələrinin Bərdənin Qarayusifli kəndinə atdığı raketlərdən 5 nəfərin həlak olması, 14-nün yaralanması, oktyabrın 28-də də Bərdə şəhərinə dağıdıcı raketlərdən zərbə endirilməsi sənədləşdirilib.

Şəhərin cəbhə xəttindən onlarla kilometr aralıda yerləşməsi və raketlərdən üçünün şəhərin mərkəzində, o cümlədən, birinin xəstəxananın yaxınlığında partlaması faktı orada öz əksini tapıb. Kaset başlıqlı “Smerç” 9M55 raketinin şəhərin insanların sıx olduğu mərkəzi küçəsində partlaması nəticəsində 21 nəfər dinc sakinin həlak olması faktı da müxtəlif hesabatlara daxil edilib. Eyni zamanda, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma həyata keçirməsi, işğal altındakı şəhər və kəndlərin dağıdılması, həmçinin müxtəlif hərbi cinayətləri sənədləşdirilib. Bunlar Azərbaycanın deyil, məhz beynəlxalq insan haqları təşkilatlarının sənədləşdirdiyi cinayətlərdir.

– Sizcə, beynəlxalq təşkilatlar Ermənistanın törətdiyi cinayətlərin obyektiv araşdırılmasını təmin edir?

– Nə Avropa Parlamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə də Avropa Şurası insan haqları müvəkkili bir dəfə də olsun, bu cinayətlər haqqında danışmayıb. Avropa Parlamenti, AŞPA, AŞ insan haqqları müvəkili Ermənistan tərəfindən ”Smerç” raketlərindən istifadə edilərək azərbaycanlı dinc insanların hədəfə alınması, 100-dən çox mülki şəxsin qətlə yetirilməsi, eləcə də Birinci Qarabağ müharibəsi dövründə 4 mindən çox azərbaycanlının itkin düşməsi ilə bağlı bu günədək hər hansı açıqlama verməyib və bu cinayətlərə münasibət bildirməyib.

Diğər tərəfdən, istər ötən ilin iyul və avqust aylarında, istərsə də 44 günlük müharibədə Ermənistan Avropa İttifaqının boru xətləri keçən Gəncə və Tovuz bölgəsini aktiv raket atəşinə tuturdu. Bu raket hücumları birbaşa Avropa Birliyinin enerji təhlükəsizliyinə yönəlik hücum idi. Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol alıb, qarşılıqlı əməkdaşlıq tərəflər üçün strateji əhəmiyyət daşıyır. Lakin bu qədər müharibə cinayətlərindən sonra cəmi bircə dəfə Avropa Xarici Fəaliyyət Xidmətinin (həm də Avropa Komissiyasının) mətbuat katibi Peter Stano “Avropa Birliyi 3 humanitar atəşkəsdən sonra Bərdədə mülki insanları atəşə tutan Ermənistanın davranışını qəbuledilməz hesab edir” kimi heç nəyə yaramayan “dişsiz” bəyanat verməklə kifayətlənib.

– Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən birgə bəyanat verilib. Bəyanatda “Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsi” ilə bağlı iddialar yer alıb…

– Bu tip sənədlərdə Avropa İttifaqı ilə Avropa Şurasındakı deputat və məmurların qeyri-obyektiv mövqeyi qabarıq nəzərə çarpır. Soros Fondunun maliyyələşdirdiyi “Human Rights Watch”, Avropa Stabillik Təşəbbüsü (ESI), “Amnesty İnternational”, “İnsan Haqları Evi”, “Açıq dialoq” və sair tanınmış QHT-lərin ölkəmizə qarşı fəaliyyətinin arxasında Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasını istəməyən qüvvələrin sifarişi, münasibətlərin gərginləşməsinə xidmət edən fəaliyyəti dayanır.

Bundan başqa, daha öncə də dəfələrlə müşahidə etmişik ki, Avropa təsisatlarında Azərbaycana qarşı bəyanatlar, qətnamələr hazırlayan şəxslər həm də Kremlə gizli şəkildə bağlı olan sosialistlər və digər siyasi qruplardır. Sırf bu bəyanatın müəlliflərindən hər üçü uzun illərdir, Avropa təsisatlarında Kreml tərəfdarları olan siyasətçilər kimi tanınırlar.

Gülşən Şərif