Yenə İran, yenə təxribat – Müxalifət niyə “ağzına su alıb”? – Anar Əsədli yazır

Bu günlərdə qonşu İranla bağlı yenə ənənəvi hadisələr baş verməkdədir.

İran agenti, terrorçuluqda və dövlət çevrilişinə qəsddə ittiham olunan Taleh Bağırzadənin gizli səs yazısı, İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə qaldırılan şüarlarda “Qarabağ Ermənistanındır!” yazılması hər zamanki kimi təsadüfi deyil, ərazi bütövlüyümüzə yönəlmiş növbəti təxribatçı addımdır.

Bütün bu məsələlərlə bağlı çoxsaylı suallar var: necə oldu ki, böyük bir hissəsi milliyətçi kəsimdən ibarət olan müxalifət bu gün İranın əlöpənlərinə meydan verir və müdafiə edir, amma Cənubi Azərbaycandakı hadisələrə etinasız münasibət bəsləyir?

İran əlaltılarının meydanda at oynatması və eyni zamanda Azərbaycanın bəzi siyasi partiyalarının və xüsusən də, müxalif düşərgənin əksəriyyətinin buna loyal yanaşması acı bir həqiqətdən xəbər verir: ölkədə ideoloji boşluq var və bu boşluq cəmiyyətlə siyasətçilər arasında uçurumu dərinləşdirir.

Biz müstəqil olandan İran hər zaman bizə təhdid olub. Amma zaman var idi ki, təhdidlərində ehtiyat edirdilər, bu qədər açıq hərəkət edə bilmirdilər. Çünki müxalif düşərgədə Liderinə inanan insanlar var idi. İnsanlar inanırdılar ki, lider hər zaman millətin mənafeyini qoruyur. Elçibəy bu tələblərə cavab verirdi. O, milyonları özünə inandırmışdı. Çunki davası sadəcə və sadəcə hakimiyyət deyildi. Sağlam təhsilli, bütöv, demokratik bir cəmiyyət üçün çarpışırdı və bu, cəmiyyəti radikal çııxışlardan qoruyurdu. Məhz bu səbəbdən Azərbaycanda heç bir radikal dini qurum meydan sulaya bilmirdi.

Elçibəy özündən sonra böyük bir elektorat qoyub getmişdi. İnamlı, fədakar, davasına sadiq insanlar. Az maddiyyatla mübarizəsinə davam edən insanlar. Lakin zaman-zaman Elçibəyin siyasi mirasına sahib çıxmaq istəyən siyasi liderlər inam limitini bitirdilər. Şəxsi mənafeləri üzərində siyasi platforma quran, istənilən qüvvə ilə anlaşmaya gedən və bunu açıq şəkildə təbliğ edən müxalif siyasi liderlər, sözsüz ki, tənəzzülə uğrayaraq, cəmiyyətdə ideoloji boşluq yaranmasına səbəb oldular. Bu boşluqdan da bir çox qüvvələr istifadə etdi, siyasi və dini qurumlar fəaliyyətə keçdi.

Bu gün İranın əlini öpənlər liderə çevrilirlər. Siyasi fəallıq göstərən gəncliklə işləyib onları öz tərəflərinə çəkirlər. Yaxşı bəs yuxarıda qeyd etdiyimiz kimi bu ideoloji boşluğu necə aradan qaldıra bilərik?

Düşünürəm ki, bugünkü ideoloji boşluğu da intellektual qisim yığışıb, doldura bilər. Cəmiyyətdə gedən bütün proseslərin avanqardı, adətən, intellektuallar və gənclik olur.

İllərdir davasından çəkilmiş, davasını sevən intellektuallar, meydan sizi gözləyir… Səsinizi qısmayın…

Anar Əsədli

COP29