!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenə qış gəlir qonaq... - Dövlət qurumları hazırdır?

!Reklam – Yazi

Adətən, dekabr ayının 21-22-sindən etibarən Azərbaycanda qış mövsümü başlayır. Hələ payız fəsli olsa da, artıq qışın nəfəsi duyulur. Bu fəslin adı gələndə isə əhalinin həyat və məişət şəraitində müəyyən problemlərin yaranması yada düşür. Ölkə ərazisində havaların kəskin şəkildə dəyişməsi qaz, işıq və istilik qıtlığının yaranmasına səbəb olur. Maraqlıdır, aidiyyatı qurumlar qışa hazırdırmı? Onlar əhalinin işıq, qaz, su, yol problemlərinin yaranmaması ilə bağlı hansı işləri görür?

Yenicag.az mövzu ilə bağlı bəzi aidiyyatı qurumlara sorğu ünvanlayıb. Əlaqə saxladığımız dövlət qurumları heç bir problemin yaranmayacağını və qışa tam hazır olduqlarını bildirdilər.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Yenicag.az-a açıqlamasında dedi ki, abonentlər qazla bağlı heç bir problem yaşamayacaq:

““Azəriqaz” İstehsalat Birliyinin qış rejiminə keçməsi şərtidir. Bu gün istehlakçıların təbii qaza olan tələbatı artarsa, təbii qazın verilən həcmi də artar. İstər payız-qış mövsümündə, istərsə də digər aylarda abonentlərin qaz tələbatının təmin edilməsi üçün gündəlik işlər aparılır. 2017-2018-ci il payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz, təbii qazla təmin edilməsi, ondan təhlükəsiz istifadə olunması məqsədilə ““Azəriqaz” İstehsalat Birliyi tərəfindən tədbirlər planı işlənib, hazırlanmışdı. Həmin tədbirlər proqramına uyğun olaraq, cari ilin may-oktyabr ayları ərzində 65 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilmiş, yeni qaz xətləri çəkilmiş, 151 ədəd siyirtmə yenisi ilə əvəzlənmiş, qaz xətləri üzərində 307 ədəd tənzimləyici qurğu quraşdırılmışdır. Qeyd edim ki, qış mövsümü ilə əlaqədar olaraq, tərəfimizdən işlər aparılır”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, qurum tam olaraq qışa hazırdır:

“Qışa yüksək səviyyədə hazırıq. Birmənalı olaraq demək istəyirəm ki, builki qış keçən illərə nisbətən abonentlərin enerji təchizatı baxımından fərqlənəcək. Çünki 10-11 il ərzində elektrik təsərrüfatında apardığımız yenidənqurma və əsaslı təmir-tikinti işləri bunu deməyə əsas verir. Məhz bu fakta əsaslanaraq deyə bilərəm ki, 2018-2019-cu il payız-qış mövsümündə istər dağ- dağətəyi və mərkəzi rayonlarda, istərsə də Bakı və onun ətraf kəndlərində əhalinin işığa olan tələbatı tam şəkildə ödəniləcək. Hər hansısa bir problem baş verərsə, bunun üçün əlavə avadanlıqlarımız, texnikamız mövcuddur. Həmçinin, bütün yarımstansiyalarda da qışa hazırlıq işləri aparılır. Hava şəraiti nə qədər şıltaqlıq göstərsə də, çalışırıq ki, problem yaşanmasın. Biz 24 saat xidmət göstərən bir qurumuq. Fərdi qayda olaraq da, abonentlərimizin problemləri varsa, 199 saylı çağrı mərkəzinə zəng edərək, müraciətlərini və şikayətlərini bildirə bilərlər. Ümumiyyətlə, “Azərişıq” son 11 ildə 40-a yaxın 110 kilovoltluq yeni yarımstansiyalar inşa edib. 35 kilovoltluq yeni inşa olunan yarımstansiyalarımızın isə 141-i əsassızdır. Həmçinin, son 3 ildə 5 minə yaxın transformator dəyişdirilib, 600 minə yaxın ağac dayaqlar, beton dayaqlarla əvəz olunub, 50 min kilometrdən artıq hava və kabel xətləri çəkilib. Bütün bunlar “Azərişıq” ın gördüyü işlərin, xidməti səviyəsinin yüksəlməsinin nümunəsidir”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsininin rəisi Anar Cəbrayıllı da bildirdi ki, təmsil etdiyi qurum qış mövsümünə hazırdır:

“Payız-qış mövsümünə hazırlıqla bağlı kanalizasiya kollektorları, xətləri və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilib və bu işlər mütəmadi olaraq davam etdirilir. Yay aylarından fərqli olaraq, qış aylarında suya tələbat kəskin azalır və bu dövrdə su təchizatında hər hansı fasilələr gözlənilmir. Anbarlarımız, magistral kəmərlərimiz və digər hidrotexniki qurğularımız istismara tam yararlıdır və onların saz, işlək vəziyyətdə olması üçün lazımi texniki xidmətlər göstərilir. Qış aylarında, xüsusən də şaxtalı havalarda baş verən donma halları əsasən, insanların fərdi qaydada və qeyri-standart çəkilən xətlərində baş verir. Belə hallar əsasən də Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərindəki həyət evlərində qeydə alınır. Bununla bağlı tövsiyəmiz odur ki, vətəndaşlar həmin xətləri torpağın altına basdırsınlar; bunu edə bilmirlərsə, mütləq xətlərin üzərini izolyasiya etmək lazımdır”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə açıqlamasında yollarda təhlükəsizliyin təmin olunması, qəza hallarının azalması baxımından qışa hazırlıq işlərinin görüldüyünü deyib:

“Təbii ki, əvvəlcədən verilən əmr və göstərişlər tərəfimizdən yerinə yetirilir. Qış ərəfəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı zəruri olan tədbirləri həyata keçirtməyə hazırıq. Qış aylarında yol-nəqliyyat qəzalarının artmaması üçün sürücülərə müraciət edirəm ki, yaranan sürüşmə hallarının qarşısını almaq məqsədilə şəxsi avtomobildən az istifadə etsinlər. Daha çox ictimai nəqliyyata üstünlük verilməsi, yol və meteoroloji şəraitin sürücülər tərəfindən nəzərə alınması məsləhət görülür. Bir daha qeyd edirəm ki, yaranan bütün hava şəraitini nəzərə alaraq, xidmət edirik və müəyyən tədbirləri görməyə hazırıq. Amma yol polisinin fəaliyyəti onun xidmət etdiyi ərazidə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili ilə qiymətləndirilir. Yəni, hadisə riski azalıbsa, bu artıq yol polisinin fəaliyyətinin qiymətidir. Lakin reallıq budur ki, yollarda hadisələrin baş verməsi də qaçılmaz haldır. Sizin sorğunuzla da bağlı, qəzaların baş verməməsi üçün xahiş edirik ki, deyilən tələblər yerinə yetirilsin. Piyadalar da öz növbəsində yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər. Avtomobil yolları ilə kəsişən piyada keçidlərindən istifadə zamanı diqqətli olsunlar. Yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısından qaçmayıb, avtomobilin tam dayandığına əmin olduqdan sonra hərəkət etsinlər və nəhayət, günün qaranlıq vaxtında görünən geyimlərdən istifadə etsinlər”.

Elvin Paşazadə

www.yenicag.az

3914
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv