Yeni aprel savaşı? – Cəbhədə təxribatlar qaçılmaz ola bilər

15:13

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək. Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında baş tutacaq.

Görüş ərəfəsində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribat həyata keçirib və nəticədə Azərbaycan əsgəri şəhid olub.

Son vaxtlar xarici ekspertlər iddia edir ki, Qarabağ cəbhəsində döyüşlər yenidən başlaya bilər.

İlham Əliyevlə Paşinyanın görüşündən sonra cəbhədə vəziyyətin necə olacağı ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlama verib.

Tərlan Eyvazov bildirib ki, apreldə döyüşlərin başlayacağını düşünmür:

“Erməni tərəfinə döyüşlərin başlaması sərf etmir. Azərbaycan tərəfi isə danışıqların uzanmasına razı olmayacaq. Göründüyü kimi öz xələfləri kimi Paşinyan nəinki danışıqlara getmək, işğal etdikləri torpaqları verməmək əhvalındadır. Ümumiyyətlə, Ermənistanda bütün hakimiyyət dəyişiklikləri Qarabağ probleminin həllini uzatmaq üçündür”.

Hərbi ekspert qeyd edib ki, əgər danışıqlar bir qədər uzanarsa, döyüşlər başlaya bilər:

“Müharibənin genişmaştablı, yoxsa lokal olacağını demək çətindir, ancaq hər an hər şey ola bilər. Xarici ekspertlər də bunu durduq yerə iddia etmirlər. Azərbaycan ordusunun son təlimləri, aldığı silah-sursat hər halda anbarlarda saxlamaq üçün deyil. Cəbhədə təxribatların olacağı gözlənilən idi. Görüşün nəticəsinə uyğun olaraq da təxribatların həcmi dəyişə bilər. Erməni tərəfi hər dəfə görüşlərdən narazı çıxdıqdan sonra dərhal cəbhədə gərginliyi artırır”.

Səxavət Məmməd