“Yeni Çağ”ın yazısına gözlənilən REAKSİYA: Gəncə SOS Uşaq Kəndində TƏHQİQAT BAŞLADI

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Gəncə filialında hökm sürən vəziyyətlə bağlı bəyanat yayıb.

Yenicag.az SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının yaydığı bəyanatı sizə təqdim edir:

“Təşkilatımız bəzi xəbər saytlarında yayılan məlumatla bağlı təəssüf hissi keçirir. Belə ki, missiyası uşaqları təhlükəsiz mühit və sevgi dolu ev ilə təmin etmək olan təşkilatımızda uşaqlara qarşı zorakılığın hər hansı bir növü tamamilə qəbuledilməzdır.

Biz fəaliyyətimizdə BMT Uşaq Hüquqları Haqqında Konvensiyasını rəhbər tutur və Uşaqları Təhlükəsiz saxlayaq alyansının (Keeping Children Safe alliance) tərkib hissəsiyik.

2017-ci ildə təşkilat adıçəkilən alyansın uşaqların qorunması sahəsində I səviyyə sertifikatı ilə təltif edilmişdir. Saytlarda gedən məlumatların ciddiliyini nəzərə alaraq, prosesə layiqli hüquqi qiymət verilməsi üçün daxili araşdırma aparılacaq və müvafiq dövlət strukturlarına müraciət olunacaqdır. İctimaiyyətə prosesin gedişatı və nəticələri barədə məlumat veriləcəkdir. Qeyd edək ki, mövzu ilə əlaqədar təşkilatın sözçüsü təşkilatın Milli Direktoru Rəşad Hüseynov olacaqdır”.

Xatırladaq ki, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Gəncə filialında baş verənlərlə bağlı “Gəncə SOS Uşaq Kəndində QANDONDURAN RƏZALƏT: İcra Hakimiyyəti dəhşətli cinayətləri niyə gizlədir?” başlıqlı geniş yazı dərc edib.

Yazıda orada yaşamış və tərbiyəçi olmuş şəxslərin şikayəti, qurumun və məsələni araşdıran Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyi əks olunub.

COP29