Yeni deputat, Zülümovsayağı ƏDA… – Hökuməti tərifləyib, xalqı qınamaq mərəzi – FOTO

Son günlər mətbuatda və sosial şəbəkəlrdə bəzi köhnə və yeni deputatların belə demək mümkünsə, konfliktinə, bir-birinin ünvanına yönələn atmacalarına rast gəlinir. Yenilər köhnələri passivlikdə, astagəllikdə, onlar da yeniləri təcrübəsizlikdə və bundan irəli gələrək, yeri gəldi-gəlmədi danışmaqda günahlandırırlar. Sıravi vətəndaş üçün əlbəttə ki, bu dartışma o qədər də maraqlı görünmür. Çünki köhnəli-təzəli deputatların böyük əksəriyyəti onsuz da “eyni küçənin döngəsindən və eyni ağacın kölgəsindən” keçərək, parlamentə düşüblər….

Təbii ki, köhnə deputatlarla bağlı hər şey – qabiliyyətləri, savadları, mənəvi keyfiyyətləri, siyasi dünyagörüşləri və s. çoxdan bəllidir və kimsə onlardan yeni və qeyri-adi bir şey gözləmir. İndi isə buyursunlar yenilər özlərini göstərsinlər və sübut etsinlər ki, növbədənkənar seçkilərlə formalaşan yeni parlament məhz gənc deputatların sayəsində əvvəlkindən keyfiyyət göstəricisinə görə üstündür. Göstərə bilirlərmi?…

Təəssüf ki, cəmiyyətin az-çox ümidlə yanaşdığı gənc heyətin böyük qismi kreslosunu tutduqları sələflərindən xüsusilə də mənəvi keyfiyyətlərinə görə bir o qədər fərqlənmirlər. Yenilərin böyük qisminin düşüncəsinə, dünya görüşünə və bundan irəli gələrək, verdikləri açıqlamalara, paylaşdıqları statuslara, nəhayət davranışlarına diqqət yetirəndə görürsən ki, sanki köhnə “plastinka”nı götürüb, yerinə eyni mahnının yazıldığı yenisini qoyublar – sadəcə, ili təzədir!

Aşağıda dərc etdiyimiz fotonu Goranboydakı seçicilərdən biri göndərib. Bu şəkli 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Anar Məmmədov özünün sosial şəbəkə səhifəsində paylaşıb. Yəni özü çəkdirib və məhz bu cür montaj edərək, səhifəsinə yerləşdirib.

Məşhur Zülümov sayağı ədayla çəkilmiş bu fotodakı cavan oğlan deputat, digər şəxs isə evi yanmış bir Goranboy sakinidir, yəni belə demək mümkünsə, onun seçicisidir. Deputat həmin şəxsin yanmış evinin bərpasına köməklik etdiyini bildirir və bunu öz səhifəsində məhz bu formada paylaşır.

Təbii ki, özü-özlüyündə dara düşmüş insana yardım etmək yaxşı əməldir və təqdir olunmalıdır. Lakin bunu bu formada, səviyyədə reklam edib, bu ədayla təqdim etmək, görülən işin “içinə etməyə” bərabər deyilmi? Ümumiyyətlə, sovetlərin kolxoz sədrlərindən, yaxud rayon birinci katiblərindən qalma ədalarla şəkillər çəkdirib paylaşmaqla, yeni, müasir dünyagörüşlü və düşüncəli millət vəkili anlayışı nə dərəcədə bir araya sığır?

Görəsən, Bakıda hansısa göydələndəki lyuks, sərin ofisində çox vacib şəxs pozası alaraq, kənddə günün altında canıyla əlləşən, yanan evinin, külfətinin hayında olan insanla telefon danışığını paylaşıb reklam etmək elə həmin binəvaya qarşı hörmətsizlik deyilmi?

Səhifəsində əsas etibarilə sözügedən şəkildən və şablon təriflərdən başqa heç nə olmayan bu gənc millət vəkilinə bir başa salan da yoxdur ki, onun hazırkı rəsmi vəzifəsi dövlətin, hakimiyyətin adından danışmaq, onun addımlarını tərif və təqdir etmək yox, seçicilərinin səsini çatdırmaq, problemlərini qaldırmaqdır…

Ümumiyyətlə, hörmətli gənc deputatımız barədə mətbuatda yazılanlardan belə çıxır ki, YAP-ın siyahısı üzrə Goranboydan deputat olan A.Məmmədovun həmin siyahıya və sonradan da parlamentə düşməsində vaxtilə Ziya Məmmədovun biznes ortağı kimi tanınan qaynatası Qulam Ələkbərovun böyük rolu olub – təbii ki, babalı yazanların boynuna və bizim bunu nə təsdiq, nə də təkzib etməyə heç bir əsasımız yoxdur.


Lakin yəqin ki, bu deputatın Ziya Məmmədovun qılıncının dalı-qabağı kəsən vaxtlarda onun nazirliyində babat vəzifələr tutması faktı da təsadüfi deyil…

O vaxtlar ki, Z.Məmmədovun qoçuları sürücülərin öz evlərinə, ailələrinə aparmaq istədikləri çörəyi onların əlindən, döyə-döyə, söyə-söyə alıb, gətirib rəislərinə verirdilər. Deməli, həmin vaxt bu nazirlikdə vəzifə tutanların maaş və paketlərində o sürücülərdən qoparılan ruzidən mütləq bir pay olub…

Deputatın bioqrafiyasındakı daha bir maraqlı məqam təhsililə bağlıdır. Maşallah, artıq üçüncü ali təhsilini almaqda olan A.Məmmədov əvvəlcə Texniki Universitetdə, sonra BDU-nun Hüquq fakültəsində, indi də Memarlıq Universitetində təhsil alır, yəni tələbə-deputatdır… Olsun.

Amma doğrusu, üçüncü ali təhsil almaq üzrə olan bir şəxsin gördüyünüz fotonu çəkdirib, məhz bu əda ilə paylaşacaq düşüncəyə, təsvvürə malik olması, doğrusu qəribə görünür – ya bizim ali məktəblərdə nəsə bir əmma var, ya da…

Təbii ki, gənc və təcrübəsiz deputatların üzərinə çox getmək istəməzdik. Ancaq təəssüf ki, onların böyük qisminin sadəlik, təvazökarlıq, xüsusilə də siyasi savad və davranış baxımından ciddi problemləri var. Lakin buna baxmayaraq, onların bəzilərinin yaşlarından, təcrübələrindən və siyasi savadlarından hündürə tullanaraq, camaata dərs keçməyə, insanları qınamağa qalxmalarının şahidi oluruq.

Ümumiyyətlə, koronavirus epidemiyası özü ilə Azərbaycana sanki “hökuməti tərifləyib, xalqı qınamaq” mərəzini də gətirib. Yerindən duran xalqı qınayır. Elə A.Məmmədov da səhifəsində paylaşdığı və bəzi saytlarda dərc olunan yazıda “COVİD-19”-la bağlı ölkədə yaranan duruma görə vətəndaşları qınayır və onları məsuliyyətsizlikdə günahlandırır.

Sanki dövlətin bütün qurumları, bütün məmurlar, hökumət üzvləri öz üzərlərinə düşənləri doğru-dürüst, vicdanla yerinə yetiriblər, koronavirusun qarşısının alınması üçün bütün tədbirlər ideal şəkildə görülüb, lakin yalnız və yalnız vətəndaşların məsuliyyətsizliyi ucbatından indiki durum yaranıb. Nə deyəsən?

Elə bil son zamanlar xalqa “dərs keçən” köhnə deputatlar azlıq edirdi, yeni “gül bala” deputatlar da bir tərəfdən çıxdı – əcəb işə düşmüşük, vallah!/azpolitika.info/