Yeni dünya nizamı: Türkiyə ABŞ-nin ehtiyat etdiyi güc mərkəzinə qoşulmaq istəyir – Ankaradan real ADDIMLAR

“The Atlantic” nəşrinin BRICS-i yeni dünya nizamının formalaşmasında rol oynayan təşkilatlardan biri olduğu iddiası ilə çıxış etməsi özündə həqiqəti əks etdirir. Çünki yeni dünya nizamının formalaşması dollara alternativ olacaq yeni rezerv valyutaların dövriyyəyə buraxılması ilə mümkün olacaq. Bu istiqamətdə müzakirələr aparılmasa da, həqiqət ondan ibarətdir ki, bütün qarşıdurma ocaqlarının yaradılması, eyni zamanda, müxtəlif bölgələrdə gərginliklərin formalaşdırılmasının arxasında məhz bu faktor dayanır”.

Bu sözləri  Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkəsinin BRICS-ə üzv olma istəyi barədə açıqlamasına münasibət bildirən politoloq Əli Zülfüqaroğlu Yenicag.az-a deyib.

Politoloq qeyd edib ki, BRICS ABŞ mərkəzli maliyyə sisteminin ehtiyat etdiyi əsas güc mərkəzlərindən biridir:

“Digəri isə Avrasiya İqtisadi İttifaqıdır. Hesab edirəm ki, Türkiyənin BRICS-ə üzv olması real məsələlərdən biridir. Çünki dolların dəyərinin qalxmasından ən çox ziyan çəkən ölkə Türkiyədir. Əksər hallarda FED-in idarə etdiyi ABŞ, Türkiyə daxil olmaqla, ölkələrin iqtisadiyyatına dollar vasitəsilə təzyiq edə bilir. Bir çox hallarda biz bunu müşahidə etmişik. Yəni dolların dəyərinin qaldırılması nəticəsində Türkiyədə iqtisadi problemlər başladı. Amma biz hazırda buna qarşı mübarizə aparan dövlətlərin alternativlər formalaşdırmaq istədiyini də müşahidə edirik. Ona görə ki dollar imperiyasına qarşı dövlətlərin təkbaşına mübarizə aparması heç cür mümkün deyil. Bu yalnız ittifaqlar halında ola bilər ki, həmin ittifaqllardan biri də BRICS-dir.

Lakin bu gün 22-dən çox ölkə var ki, BRICS-ə üzv olmağa çalışır. Burada prioritetlərdən biri üzv dövlətlər arasında milli valyutalarla ticarət mübadiləsinin aparılmasıdır ki, bu, Türkiyə üçün də cəlbedicidir. Bütün bunlar, əlbəttə ki, ABŞ-ni narahat edən əsas faktorlardan biridir. Türkiyə illərdir Avropa İttifaqına üzv olmaq istəsə də, buna nail ola bilmədi. Daha doğrusu, Avropa İttifaqı müxtəlif bəhanələr gətirərək Türkiyəyə bu şansı vermədi. Ona görə də Türkiyə geosiyasi planlarını reallaşdırmaq və iqtisadi imkanlarını genişləndirmək üçün müxtəlif ittifaqlarda təmsil olunmağa çalışır. Hətta burada Türkiyənin Avrasiya İqtisadi İttifaqına üzv olmaq perspektivini də dəyərləndirə bilərik ki, rəsmi Ankara buna isti yanaşır”.

Ekspert əlavə edib ki, Hakan Fidanın verdiyi açıqlamalar Ankara administrasiyasının artıq real addımlar ata biləcəyi ehtimalını doğurur:

“Biz bütün bunları dəyərləndirərkən Türkiyənin bu ittifaqa üzv ola biləcəyini söyləyə bilərik. Doğrudur, Türkiyənin hansısa ittifaqda təmsil olunması o demək deyil ki, bu ölkənin Qərblə əlaqələri dayandırılacaq. Türkiyə bütün ölkələrlə iqtisadi-siyasi əlaqələrini davam etdirəcək. Türkiyə NATO üzvü olduğu halda, NATO-nun doktrinasına görə, düşmən ölkə olan Rusiya ilə də tərəfdaşlıq münasibətləri qurub. Bundan başqa, Afrika ilə bağlı ciddi siyasət aparır, Ukraynada Qərbin sanksiyalarına qoşulmadı. Yəni Türkiyənin xarici siyasəti dünya üçün yeni model təşkil edir. Fikrimcə, Türkiyənin bu istiqamətdə atdığı addımlar kifayət qədər doğru və ciddi yanaşamdır. Biz bundan sonra həm Avrasiya İqtisadi İttifaqının, həm də BRICS-in petrodollar sisteminin çöküşünü sürətləndirəcəyini, ona görə də dünya gündəmində olacağını, prioritet mövzu kimi müzakirə ediləcəyini müşahidə edəcəyik”.

Rafi Müslümov

COP29