Yeni dünya nizamına Trampsayağı YANAŞMA: “Konkret addımlar atmaqdan çəkinə bilər”

“Donald Trampın son açıqlamaları, xüsusilə Panama ilə bağlı bəyanatları, həm gözlənilməz, həm də müəyyən qədər təəccüblü oldu. Bu, Trampın daha çox təcridedici yanaşmaları ilə tanındığı beynəlxalq siyasət baxışlarına zidd kimi göründü. Lakin son dövrdə onun xarici siyasət sahəsində daha fəal mövqe sərgilədiyini və ayrı-ayrı ölkələrə qarşı iddialı çıxışlar etdiyini müşahidə edirik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mətin Məmmədli deyib.

Siyasi təhlilçi ABŞ-nin 47-ci prezidenti Donald Trampın Qrenlandiya, Kanada və Panamaya qarşı olan ərazi iddialarını şərh edib.

O, qeyd edib ki, bu fəallıq təəccüblüdür, lakin əsas məsələ Trampın hakimiyyətə gəldikdən sonra bu iddiaları gerçəkləşdirmək üçün hansı addımlar atacağıdır:

“Prezidentlik müddəti rəsmi olaraq başlandıqdan sonra bu iddiaların həyata keçirilməsi həm regional, həm də qlobal səviyyədə ciddi problemlərə səbəb ola bilər. Trampın bəzi hallarda populist açıqlamalar verməsi və sosial şəbəkələrdəki davranışları onun siyasi üslubunun bir hissəsi kimi qəbul edilir. Buna baxmayaraq, o, xarici siyasət sahəsində ciddi və konkret addımlar atmaqdan çəkinə bilər”.

“Ukrayna məsələsinə gəldikdə isə, Tramp hələ prezident seçilməzdən əvvəl 24 saat ərzində münaqişəni həll edəcəyini bəyan etmişdi. Lakin o, bu hədəfə hansı vasitələrlə nail olacağını açıqlamamışdı. ABŞ mediasında yayılan məlumatlara əsasən, Trampın hər iki tərəfə təzyiq göstərməyi planlaşdırdığı düşünülür. Məsələn, Rusiyaya qarşı hərbi əməliyyatları dayandırması üçün təhdidlər Ukraynaya isə danışıqlarda iştirak etmədiyi təqdirdə ABŞ-nin hərbi yardımını dayandıracağı barədə xəbərdarlıqlar ola bilər. Lakin bu təzyiq metodlarının effektivliyi hazırda qeyri-müəyyəndir. Fikrimcə, Tramp prezidentlik dövründə münaqişəni hərbi yolla tənzimləməyə və ən azı bu mərhələdə hərbi əməliyyatların dayandırılmasına nail olmağa çalışacaq. Bununla belə, müzakirələrdən çıxan nəticə hələlik uzunmüddətli sülh deyil, müvəqqəti sabitliyin bərqərar olunması ola bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov