Yeni dünya nizamında ABŞ-dəki seçkilərin ROLU: “Dərin dövlət” və…”

“ABŞ-da keçiriləcək Prezident seçkiləri dünyanın gələcəyi baxımından önəm daşıyır. İstər Ukrayna müharibəsinin gələcəyi, istərsə də dünyanın bir sıra regionlarında olan qarşıdurmaların taleyi ABŞ seçkilərinin nəticəsindən böyük ölçüdə asılı olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi sabah – noyabrın 5-də ABŞ-də baş tutacaq prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Analitik xatırladıb ki, Tramp hakimiyyətinin ilk günündə Ukrayna müharibəsini bitirəcəyini deyib, demokratlar isə sona kimi Ukraynaya dəstək olacaqlarını açıqlayıblar:

“Amma bunun hansının Ukraynaya sərfəli olacağının özü də mübahisə predmetidir. “Trampın Ukrayna torpaqlarının itkisi hesabına müharibəni dayandırması, yoxsa on minlərlə insanın məhv edilməsi hesabına müharibənin davam etdirilməsi” çətin sualdır. Lakin hesab edirəm ki, insan itkisindənsə, torpaq itkisi daha məqbuldur. Yəni Trampın hakimiyyətə gəlməsi durumunda torpağı nə vaxtsa geri almaq olar, amma insan itkisini geri gətirmək olmur”.

O, həmçinin vurğulayıb ki, ABŞ seçki sistemi özünəməxsusluğu ilə seçilir:

“Nəticə bir sıra amillərdən asılı olur. Burada neytral seçicinin səsləri əsas rol oynaya bilər. Hər iki partiyanın ştatlar üzrə seçici elektoratı böyük ölçüdə stabildir. Yeddi ştatın nəticələrə təsir edəcək 10 milyon seçicinin səsləri isə əsas əhəmiyyət daşıyacaq. Kimin seçilməsindən çox şey asılı olsa da, bu, dünyanın gedişatına ciddi təsir etməyəcək. Yəni dünya nizamının yerinə oturması üçün bəlli olan bir sıra məsələlər də yerinə oturmalıdır ki, buna tək ABŞ prezidentləri qərar vermirlər”.

A. Qasımovun fikrincə, burada ABŞ “dərin dövlət”i və beynəlxalq maliyyə güclərinin planları da əsas rol oynayır:

“Trampın hakimiyyətə gəlməsi belə müharibə ocaqlarının sönməsini təmin etməyəcək. Tramp özü də bunu qeyd edir. O deyir ki, Rusiya onun dediklərindən kənar addım atsa, onda Ukraynaya o qədər silah verəcək ki, Rusiya məğlub olsun. Görünən odur ki, Trampın Rusiyanın lehinə görünən sözləri də nisbi xarakter daşıyır”.

Siyasi ekspert əmindir ki, dünyanın gələcəyi baxımından qaranlıq dövrün mümkünlüyü real olsa da, sözügedən məsələdə optimist olmaq da lazımdır:

“ABŞ dövləti də öz məsuliyyətini başa düşməmiş deyil, eləcə də digər qüvvələr. Dünyanı xaosa soxmaq istəyən qüvvələrin qarşısını dünyanın özünüqoruma instinkti alacaq. Dünya müharibələrinin acı nəticələrini hamı tarixdən görüb və başa düşür. Ən həlledici məqamda ağlın qalib gələcəyinə şübhə etmirəm”.

Rafi Müslümov

COP29