Yeni dünya nizamının SSENARİSİ: “Qərb cəlbediciliyini itirir”

“BRICS sammitinin nəticələri Ukrayna-Rusiya müharibəsinə təsir etməyəcək. Çünki Rusiya prezidenti Vladimir Putinin açıqlaması bir daha onu göstərir ki, bunlar, sadəcə olaraq, demaqogiyadır və bu məsələdə problem prezident Volodimir Zelenskinin legitim olub-olmaması məsələsi deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi ötən gün Rusiyada – Tatarıstanın paytaxtı Kazan şəhərində start götürən BRICS-2024 sammitinin yeni dünya nizamına və Ukrayna müharibəsinə təsirindən söz açıb.

“Məgər İkinci Dünya müharibəsi dövründə Şarl de Qoll Fransada prezident prezident seçilmişdi? Yəni müharibə dövründə, adətən, bu kimi hadisələr olur və seçkilərin keçirilməsi problematik olduğu üçün sözügedən məsələ müəyyən zamana daşınır. Odur ki, Putinin fikirləri bəhanədən başqa bir şey deyil. Əslində, BRICS-in özünü toplaması onun gələcəyi, inkişafı və strukturlaşması ilə bilavasitə əlaqəlidir. Bu məsələnin aşağı-yuxarı Rusiya-Ukrayna müharibəsinə birbaşa təsiri isə yoxdur”, – o söyləyib.

“O ki qaldı konkret müharibənin bitməsi məsələsinə, bilirik ki, bununla bağlı Ukraynanın “Qələbə planı” var ki, Kiyev bunu qərbli tərəfdaşlarına da təqdim edib. Burada bütün açıq və gizli məqamları nəzərə alsaq, birmənalı şəkildə gerçəkdir ki, Ukrayna müəyyən cəbhələrdə Rusiyanı sıxışdırıb ciddi hərbi uğurlar əldə etməsə və Rusiyanın dərinliklərində bütün logistik, eyni zamanda, anbar və bazalara, hava hücumundan müdafiə sistemlərinə zərbələr endirməsə, əlbəttə ki, Moskva danışıqlara oturmayacaq. Ona görə də bu modelin əsas qayəsi Ukraynanın müəyyən hərbi uğurlar qazanmasına yol açmaqdır ki, bu da Kiyevə Qərb tərəfdaşlarının yardımlarından keçir. Yəni bu yardımlar ciddi, sözlə deyil, əməli fəaliyyətlə davamlı, habelə zaman baxımından ardıcıl və sürətli olmuş olsa, əlbəttə ki, Ukraynanın cəbhədə uğurlar qazanması mümkündür. Çünki Rusiya da bu gün cəbhədə böyük sıçrayışlara nail ola bilmir. Biz bu gün “sürünən işğal”ı müşahidə edirik. Bu da onu göstərir ki, Rusiyanın həm əsgəri, həm də texniki təchizat baxımından problemləri mövcuddur”, – həmsöhbətimiz əlavə edib.

N.Miri onu da vurğulayıb ki, bu gün BRICS yeni dünya üçün bir alternativdir:

“Çünki bu cür özünü toplama Qərb dünyasını ciddi şəkildə narahat edir. Ona görə ki Qərb getdikcə qaranlığa və tənəzzülə irəliləyən bir güc mərkəzidir. Yəni başda ABŞ və onun strateji müttəfiqləri olan Avropa İttifaqı və NATO – bir sözlə, Avroatlantik məkan artıq intibah dövrünü başa çatdırıb və tənəzzülə doğru gedir. Bu beynəlxalq miqyasda, texnoloji-iqtisadi inkişaf və digər sahələrdə də belədir, çünki artıq iqtisadi geriləmə burada özünü göstərir. Ən nəhayət, bir də özünü təkqütblü dünyanın hegemonu kimi göstərən ABŞ-nin nəzarətində olan coğrafiyada da müharibələr gedir. Rusiya-Ukrayna, İsrail-Fələstin və İsrail-Livan müharibələri buna misaldır. Hansı ki, bu müharibələrin qarşısını almaq olardı”.

Onun sözlərinə görə, BRICS coğrafiyasına baxanda isə görürük ki, burada müharibələr getmir:

“Əksinə, iqtisadi inkişaf, yeni ticarət, nəqliyyat-kommunikasiya dəhlizləri və bir sıra əməkdaşlıqlar fonunda ciddi təkliflər və təşəbbüslər mövcuddur. Eyni zamanda paralel olaraq beynəlxalq bank köçürmələri və Qərbin inhisarında olan SWIFT-ə alternativ mexanizm sisteminin formalaşdırılması nəzərə tutulur ki, ilk növbədə, bu da milli valyutalarla ticarətin həyata keçirilməsini özündə ehtiva edir. Belə olan təqdirdə, BRICS bir çox ölkələr üçün daha cəlbedici olur. Dünənə kimi Qərbin yanında olan ölkələr isə artıq bu orbitdən qoparaq BRICS-ə yönəlir. Bunların içərisində isə qardaş Türkiyə də var, bu dövlət NATO-nun ən güclü ölkələrindən biridir”.

Siyasi ekspertin dediyinə görə, baş verənlər onu göstərir ki, Qərb cəlbediciliyini itirir, beynəlxalq hüquq ayaqlar altındadır, heç bir güc mərkəzi dövlətlə bərabərhüquqlu münasibətlər sistemi yaratmaq istəmir, özünün hegemon iradəsini hər kəsə diktə etmək istəyir və sanksiyalar birtərəfli qaydada davam edir:

“Bu da vadar edir ki, dövlətlər daha ədalətli, hər kəsin bərabər və normal əməkdaşlıq sisteminin mövcud olduğu birliklərə sövq etsin. Biz bu gün bunun görürük. Fikrimcə, BRICS önəmlidir, Türkiyə, Azərbaycan və bir çox dövlətlər buna görə də BRICS-lə yaxınlaşmağa davam edir. Yəni BRICS perspektivdirsə, batan günəş hazırda Qərbdir. Bunu müxtəlif səviyyələrdə yenə də müqayisə etmək olar, lakin bu müqayisədə yekun nəticə Qərbin xeyrinə olmayacaq. Ona görə ki Qərb ədalətli deyil, hələ də kiminləsə hesablaşmaq istəmir və özlərini dünyanın hegemonu hesab edirlər”.

Rafi Müslümov

COP29