!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni enerji mənbələrinin ölkəmizdə tətbiqi VƏZİYYƏTİ və PERSPEKTİVLƏRİ

!Reklam – Yazi

Ənənəvi və hazırda da enerji portfelinin əsas hissəsini təşkil edən mənbələrin tədricən tükənməsi, həmçinin, onlardan istifadə olunması zamanı ətraf mühitə vurulan zərərlərin yüksək olması bu enerji mənbələrinin daha təhlükəsiz, ətraf mühitə qarşı zərərsiz olan və tükənməyən alternativ və bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini zəruri edir. Qlobal istiləşmənin yaratdığı fəsadların artması, iqlim dəyişikliyi, hava və suyun çirklənməsi kimi həyacan doğuran hadisələr təbiətdən zərərli və qeyri-rasional istifadənin yaratdığı problemlərin ölkədaxili deyil, beynəlxalq miqyas aldığını göstərir. Bu cəhətdən dünya ölkələrinin qarşısında bərpa olunan və təbiəti çirkləndirməyən alternative enerji mənbələrinə keçidin sürətləndirilməsi vacib məsələ kimi durur.

Beynəlxalq Enerji Agentliyinin (İEA) və digər əlaqədar beynəlxalq qurumların təsnifatına əsasən alternativ və bərpa olunan enerji mənbələri beş qrupa bölünür:

1. Külək enerjisi;

2. Günəş enerjisi;

3. Bioenerji;

4. Geotermal enerji;

5. Hidro enerji (okean və dənizlərdə qabarma daxil olmaqla).

Faydalı qazıntılara və nüvə enerjisinə əsaslanan ənənəvi enerji sistemi ilkin, alternativ və bərpa olunan enerji mənbələrinə əsaslanan qeyri-ənənəvi enerji sistemi isə yeni və müasir strateji sistem hesab olunur. Mütəxəssislərin fikrincə alternativ və bərpa olunan enerji mənbələrini ənənəvi enerji mənbələrindən aşağıdakı fərqləndirən xüsusiyyətləri var:

1. Alternativ və bərpa olunan enerji mənbələri təbii və yerli enerji mənbələridir.

2. Alternativ və bərpa olunan enerji mənbələri adından da göründüyü kimi bərpa olunandır və tükənməzdir. Ənənəvi enerji mənbələri isə məhdud miqdardadır və tükənəndir.

3. Alternativ və bərpa olunan enerji mənbələri ekoloji cəhətdən səmərəlidir və atmosferin karbon qazı kimi zərərli tullantılarla çirkləndirmir. Yeni enerji mənbələrindən istifadə genişləndikcə gələcəkdə ənənəvi enerji mənbələrinə olan tələbat azalacaq ki, bu da atmosferin çirklənmə səviyyəsini böyük miqdarda azaldacaq.

Alternativ və bərpa olunan enerji təbiətdə mövcud olan, istifadə olunmaqla tükənməyən, mühüm və strateji əhəmiyyətə malik enerji mənbəyidir. Bir çox mühüm üstünlüklərə malik alternativ və bərpa olunan enerji mənbələrindən istifadə hazırda dünya ölkələrinin fasiləsiz enerji təminatı baxımından böyük önəm kəsb edir. Xüsusi ilə karbohidrogen ehtiyatı ilə zəngin olmayan dövlətlər dünya bazarlarında yanacaq məhsullarının qiymətində baş verən bahalaşmanın yaratdığı risklərdən xilas olaraq enerji təminatını təhlükəsiz qaydada həyata keçirə bilərlər.

Avropa İttifaqı Komissiyası 2030-cu ilə qədər karbon emissiyalarını ən az 55 faiz azaltmağı, 2050-ci ilədək sıfıra endirməyi hədəfləyir. 2030-cu ilədək Aİ ölkələrində bərpaolunan enerji payının ümumi elektrik istehsalında 40 faizə çatdırılması planlaşdırılır.

Dünya Enerji Şurasının məlumatlarına görə, bərpa olunan enerjinin ilkin enerji təminatındakı payı 1993-cü ildə 12%, 2011-ci ildə isə 13% olub. İqlim və Enerji Həlləri üçün Mərkəzin hesablamalarına görə bərpa olunan enerjinin enerji təminatındakı payı 2017-ci ildə 17,1 % olub. 2020-ci ilin birinci rübündə isə bu rəqəm 28%-ə yüksəlib.

Prezident İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında aydın qeyd olunur ki, ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir.

Sərəncamda bildirilir ki, Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Sərəncamla dünya təcrübəsindən geniş istifadə etməklə ölkədə mövcud olan alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Xəzər hövzəsinin dünyanın neft və qazla zəngin regionu olmasına və Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq dövlətimiz yeni – alternativ, bərpa olunan enerji mənbələrinin qurulması və inkişafını prioritet sayır. Ölkənin mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Energetika Nazirliyinin məlumatlarına əsasən 2013-2019-cu illərdə külək və günəş elektrik stansiyaları Azərbaycanda 408 mln. kVt-saat elektrik enerji istehsal edilib. Əgər 2013-cü ildə bu stansiyalar cəmi 1,6 mln. kVt-saat elektrik enerjisi istehsal etmişdirsə, 2019-cu ildə bu göstərici 149 mln. kVt-saat təşkil edib, bu da son 7 ildə 93 dəfə artım deməkdir. Ölkənin bioelektrik stansiyaları 1,19 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib və 2013-2019-ci illəri əhatə edən dövrdə enerji istehsalı 46,3% artıb.

Bəli, alternativ enerji mənbələrindən istehsal hələ ki, bir o qədər də yüksək deyil. Buna baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. İşğaldan azad olunmuş ərazilərimizdə külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Hazırda potensialın daha dəqiq hesablanması üçün müasir ölçə vasitələrindən istifadə edilməkdədir.

Alternativ enerji mənbələrinin effektiv realizəsi proqramı həyata keçiriləcəyi halda Qarabağı regionunu bərpa olunan enerji mənbələrinin mərkəzinə çevirmək mümkündür. Bunun üçün böyük potensial var. Ekspertlərin hesablamaları göstərir ki, Azərbaycan bərpa olunan enerji mənbələri hesabına özünü enerji ehtiyaclarını ödəyərək qonşu ölkələrə digər mənbələr hesabına əldə etdiyi elektrik enerjisi satışının həcmini önəmli ölçüdə artıra bilər.

Hazırda yaşayış məntəqələrinin enerji ehtiyaclarının alternativ və bərpaolunan enerji mənbələri hesabına qarşılanması məsələsi inkişaf etmiş və inkişaf etməkdə olan müxtəlif ölkələrin yerli özünüidarəetmə orqanları üçün də prioritet təşkil edir.

Qardaş Türkiyənin İstanbuldan sonra ikinci ən böyük sənaye istehsalına malik olan Bursa şəhər bələdiyyəsinin (Bursa Böyükşəhər bələdiyyəsi) də bu sahədəki layihələri maraqlı və diqqətiçəkəndir. Belə ki, Bursa Böyükşəhər bələdiyyəsi 30 metro stansiyasının dam örtüyünə illik istehsal gücü təqribən 2 Mv olan günəş batareyaları quraşdırmaqdadır. Bu layihə həyata keçirildikdən sonar əhalisinin sayına görə Türkiyənin dördünücü böyük şəhərinin metrosunun elektrik təminatı alternativ enerji mənbəyi hesabına qarşılanacaq. Eyni zamanda Bursa Böyükşəhər bələdiyyəsi 2012-ci ildən etibarən İnəgöl ilçəsində qurduğu tullantılardan elektrik enerjisi istehsal edən, gücü 2,4 Mv olan stansiya vasitəsi ilə də alternative enerji mənbələrini gücləndirməyə çalışır. İnəgöldəki stansiyanın gücünün qarşıdakı dövrdə 7,4 Mv-a çatdırılması nəzərdə tutulur.

Əhalisinin sayına görə Azərbaycanın 4-cü böyük şəhəri olan Xırdalanın da təbii resursları günəş, külək və tullantıların emalı vasitəsi ilə bərpa olunan enerji qaynaqları yaradaraq küçə, park və meydanların işıqlandırılmasını təşkil etməyə imkan verir. Xırdalan bələdiyyəsi bu istiqamətdə beynəlxalq təcrübəni öyrənməkdə və müvafiq donorlarla işləməkdədir.

Orxan Musayev

Xırdalan bələdiyyəsinin sədri

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv