Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yeni erməni təxribatları: Azərbaycan vətəndaşları diqqətli olmalıdır

“Hamılıqla ermənilərin hansısa bir şəkildə hücumlarının qarşısını almağa Azərbaycan xalqı və dövlət olaraq hazırıq”.
Yenicag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın yenidən cəbhə xəttində təxribatlarını şərh edərkən deyib. Deputat bildirib ki, belə məqamlarda ilk növbədə Müdafiə Nazirliyinin rəsmi açıqlamaları hamı üçün vacib sayılmalıdır və bundan kənara kimsə çıxmamalıdır:

 

“Kimsə nəsə əlavə informasiya vermək istəyirsə, anlamalıdır ki, bu məlumatın xoş niyyətlə də olsa belə, ölkəmizə ziyanı dəyə bilər. Ona görə də hər kəs bundan çəkinməlidir. Hər hansı bir məlumat varsa, Müdafiə Nazirliyi bu məsələdə öz açıqlamasını verəcək. Düşünürəm ki, bu məsələlərdə kimsə özbaşınalığa yol verməməlidir. Bu həm də hüquqi məsuliyyət yaradır. Nə proses varsa dövlət ayaqdadır, öz  imkan və gücünü buna səfərbər edəcək. Hamılıqla ermənilərin hansısa bir şəkildə hücumlarının qarşısını almağa Azərbaycan, xalq, dövlət olaraq hazırıq. Ona görə də bu istiqamətdə özfəaliyyət qətiyyən yolverilməzdir. Ermənistan arxasında duran ölkələrin dəstəyi ilə belə addımlar ata bilər. Ona görə də bu hər zaman aktualdır”.
Millət vəkili Fəzail Ağamalı isə qeyd edib ki, erməni faşizminə və təcavüzünə son qoyulmalıdır:
“Təcavüzkar ermənilər tərəfindən yenə də təxribatlar törədilərək, Tovuz istiqamətində müddətdən artıq həqiqi hərbi xidmətdə olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid edildi. Şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Vətən sağ olsun. Ölkə Prezidenti səviyyəsində bir neçə gün öncə Ermənistanın böyük müharibəyə hazırlaşdığı haqqında ciddi məlumatlar verildi və operativ məlumatlara söykənən bu açıqlama əlbəttə, hər birimizi dövlətimizin, Ali Baş Komandanın və ordumuzun yanında olmağa bir daha səfərbər etdi. Dəfələrlə söylədiyim kimi, bir daha demək istərdim ki, işğal olunmuş torpaqlarımızın azad olunması qəhrəman və igid əsgər və zabitlərimizin iradəsindən keçir. İşğala məruz qalan torpaqlarımızın azad olunmasında müharibə artıq qaçılmazdır. Ermənistanın təcavüzü və sistemli xarakter daşıyan təxribatlarının qarşısı heç şübhəsiz ki, ordumuz tərəfindən qətiyyətlə alınır. Uzun illərdi ki, xalqımız ordumuzdan ermənilərin bitib-tükənməyən və işğalı əbədiləşdirməyə xidmət edən təxribatlarına tamamilə son qoymaq və torpaqlarımızın azad olunması üçün genişmiqyaslı döyüş əməliyyatlarının aparılmasını gözləyir. Bu gün ordumuz və xalqımız Ali Baş Komandanın yanındadır, onunla birdir. Nəhayət, igid əsgərlərimizin və zabitlərimiz yüksək mənəvi-psixoloji hazırlığının və döyüş qabiliyyətinin, peşəkarlığının və ən müasir döyüş texnikasının verdiyi üstünlüklərdən bəhrələnərək, iki əsrdən çox himayə olunduqları dövlətlərin köməyilə tarixi torpaqlarımızı zaman-zaman işğal edən erməni faşizminə və onun təcavüzkarlığına son qoymalıdır. Bu müqəddəs missiyanın həyata keçirilməsi tarixi zərurətdir.
Unutmaq olmaz ki, biz şəbəkələşmiş dünya ermənilərilə üz-üzəyik. Onlar həm də informasiya məkanında döyüş aparır, maraqlarımıza zərbə vuran dezinformasiyaları ən müxtəlif formada geniş yayırlar. Bu baxımdan dəyərli jurnalistlərimiz son dərəcə diqqətli olmalı, ordumuzla, onun atdığı addımlarla bağlı ancaq və ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatına əsaslanmalıdılar”.

www.yenicag.az

219