Çexiyanın Maliyyə İdarəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrindən nikah bağlayan şəxslər haqqında məlumatları tələb edib və bu informasiyalar əsasında yeni evlənən gənclərdən konkret restoranda, hətta bir sıra hallarda ev şəraitində, qohumların əhatəsində keçirilən toy mərasimləri haqqında hesabat istəyib.
Yenicag.az xəbər verir ki, bəlli bir gündə nikah bağlayan yeni evlənənlərə maliyyə idarəsindən məktublar daxil olub və vergi əməkdaşlarının bu qəribə “təşəbbüsü” yüzlərlə gənc ailə cütlüyünə şamil olunub.
Bu anlaşılmazlığa münasibət bildirən maliyyə naziri Alena Şillerova bildirib ki, yəqin ki, söhbət ”konkret halda özlərinə aid olmayan nəzarəti həyata keçirən məmurların əsassız cəhdindən” gedir. Nazir vəzifə səlahiyyətindən sui-istifadə hallarının sübut olunacağı təqdirdə həmin məmurları işdə buraxılan nöqsanlara görə şəxsi məsuliyyətə cəlb etmək niyyətindədir.