Yeni fəlakət PLANI: “Dünyanın iqtisadi və ekoloji sistemi çökə bilər”

“Bu planın icrası dünyanın iqtisadi və ekoloji sistemini çökdürməklə planetar fəlakətə yol aça bilər”.

Bunu Yenicag.az-a açıqlamasında son dönəmlər daha da kəskin xarakter alan NATO-Rusiya münasibətlərinin hərbi münaqişəyə çevrilməsi ehtimalını dəyərləndirən politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, belə bir ssenarinin baş verməsi mümkünsüzdür, çünki hazırda NATO-üzvləri həm də nüvə ölkələridir.

“Paralel olaraq Rusiya isə ən nüvə silahına sahib ölkələr siyahısında ilk yerdədir. Rusiya-Ukrayna müharibəsinə birbaşa Rusiya-NATO münaqişəsi kimi yanaşmaq absurddur. Nə Qərbin Ukraynaya yardımı, nə də Rusiyanın Ukrayna ərazilərini işğalı bunu deməyə əsas verir. Kremlin Kiyevlə məsələsi bitmədən NATO ölkələri ilə hərbi münaqişəyə qarışması fantastik yanaşmadır. Çünki ABŞ, Almaniya, Fransa, Türkiyə kimi NATO üzvləri ilə qarşıdurma Rusiyanın dünya ilə müharibəsi deməkdir”, – deyə o bildirib.

Politoloq əlavə edib ki, NATO-nun Rusiyaya yaxın ərazilərdə hərbi hissələr tikməsi kimi amillər qabaqlayıcı addımlar sayıla bilər.
“Ukrayna məsələsindən sonra Finlandiya və Polşa kimi ölkələr Rusiyanın hərbi aktivliyindən narahatdır. İşin gülməli yanı isə Rusiya da eyni situasiyanın içindədir. Nəticə etibarilə hər iki tərəfin hərbi aktivliyi fonunda gərgin atmosfer yaranır. Bu tendensiya müəyyən qədər Karib böhranını xatırladır.

Bir müddət öncə Rusiyanın NATO strateji obyektlərini nüvə silahı ilə vuracağına dair “Armagedon planı” mediada yayıldı. Bu planın icrası dünyanın iqtisadi və ekoloji sistemini çökdürməklə planetar fəlakətə yol aça bilər. Bir sözlə, belə ssenarini nə Rusiya, nə də NATO gözə ala bilməz”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29