Yeni kosmik aparatın yığılması başa çatdı – NASA

NASA-nın texnikləri yeni marsoxodun – “Mars 2020 Rover” kosmik aparatının yığılmasını başa çatdırıblar və onun sınaqlarının final mərhələsinə başlayıblar.

Yenicag.az xəbər verir ki, ABŞ-ın Pasadina şəhərində yerləşən Reaktiv Hərəkət Laboratoriyanın nümayəndəsi Devid Qryuel sınaq və tamamlama işlərinin 2020-ci ilin iyuluna qədər davam edəcəyini bildirib.

Onun sözlərinə görə, qarşıdakı aylarda montaj işlərinin keyfiyyəti yoxlanılacaq, habelə yürüş, akustik və digər sınaqlar keçiriləcək. Kosmik aparat bir həftə ərzində kosmosda olan bütün şəraitin yaradıldığı termobarokamerada qalacaq.

Altı təkərli və avtomobil böyüklüyündə olan bu elmi laboratoriyanın uzunluğu cəmi 3 metr, eni 2,7 metr, hündürlüyü isə 2,2 metrdir. Kosmik aparatın çəkisi 1050 kiloqramdır. Onun hazırlanmasında 2012-ci ildə Marsa göndərilmiş və hələ də orada öz missiyasını yerinə yetirən “Curiosity” aparatının detallarından istifadə olunub. Kosmik aparatın hissələrinin bir neçəsi Fransa, İspaniya və Norveçdə hazırlanıb. “Mars 2020”nin kosmosa buraxılması üçün Kanaveral burnundakı kosmodromda “Atlas-5” raketdaşıyıcısından istifadə edilməsi nəzərdə tutulur. Aparatın Marsın səthinə enməsi 2021-ci ildə – Qırmızı planetdəki 45 kilometr diametri olan Cezero kraterində həyata keçiriləcək.

NASA bildirib ki, kosmik aparatın missiyasının əsas səbəbi Marsda həyat əlamətlərinin tapılmasıdır. Belə ki, “Mars 2020” planetin geoloji quruluşunu, atmosferinin tərkibini öyrənəcək, onun təbii ehtiyatlarını və gələcəkdə buraya gələcək insanların qarşılaşacağı təhlükələri araşdıracaq. Məsələn, kosmik aparatın göyərtəsində Marsın atmosferindəki oksigenin səviyyəsini ölçmək üçün xüsusi cihaz quraşdırılıb. Bundan başqa, aparat Marsın səthindən torpaq nümunələri götürəcək və onlar gələcəkdə Yerə çatdırılacaq.

NASA Marsa ilk pilotlu kosmik gəmini isə 2030-cu illərdə göndərməyi planlaşdırır./Azərtac/