Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Yeni namizədlərin necə kampaniya aparacaqlarını görəcəyik” – YAP-çı deputat

Reklam: Sinerji Pro

“Onlardan bəziləri ötən seçkilərdə də namizədliyini irəli sürmüşdü”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərinə qatılacaqlarını bəyan etmiş iddialıların siyahısını dəyərləndirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, parlamentin deputatı Aydın Mirzəzadə deyib.

Prezident İlham Əliyevin bu il aprelin 11-nə növbədənkənar prezident seçkiləri təyin etməsindən sonra ölkə tədricən “seçki relsi”nə keçməkdədir.

Seçkilərin nəzərdə tutulan vaxtda – oktyabrda keçiriləcəyini düşünərək, dövlət başçısının məlum sərəncamı ilə seytnot vəziyyətinə düşən bəzi partiya rəhbərləri özlərini bu siyasi kampaniyadan kənarda saxlasalar da, prezidentliyə iddialıların sayı heç də az deyil.

Bu günə olan məlumata əsasən, artıq 11 nəfər ölkənin birinci kreslosu uğrunda mübarizədə iştirak iddiasını ortaya qoyub.

Onlar fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri deputat Fərəc Quliyev, deputat Zahid Oruc, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə, Xalq Cəbhəsi Partiyası (AXCP) digər qanadının sədri Razi Nurullayev, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı və Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıdır.

Göründüyü kimi, adları çəkilən iddialıların bir çoxu prezidentliyə namizəd statusunda yeni simalardır və onların bu seçkiləri özləri üçün “test” olaraq gördükləri şübhə doğurmur. Bununla belə, onlar namizədliyi qeydə alınacağı təqdirdə, çətin siyasi mübarizənin tərəflərindən birinə çevriləcəklər. Ona görə də hakim partiyanın sözügedən namizədləri necə qiymətləndirməsi maraqlı görünür.

Bu barədə Yenicag.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, özündə real potensial görən istənilən vətəndaş seçkilərdə öz namizədliyini irəli sürmək hüququna malikdir:

“Prinsip etibarilə, seçkilərdə kimin namizəd olacağını onun özü və mənsub olduğu siyasi təşkilat müəyyənləşdirir. Burada hər hansı ölçü vahidi, ya da ki məhdudlaşdırma yoxdur. Seçkilər ona görə keçirilir ki, namizədliyini irəli sürənlər arasından ölkəni növbəti 7 il müddətinə idarə edəcək lider seçilsin.

Əgər kimsə özündə potensial hiss edirsə, kimsə bu seçkini özünün və partiyasının təbliği üçün tribuna kimi görürsə, bu, onun seçimidir. Azərbaycan demokratik dövlətdir və bu məsələdə hər hansı bir məhdudiyyət, yaxud da sıxıntı ola bilməz”.

Mirzəzadənin sözlərinə görə, namizədliyini elan etmiş iddialılar arasında yeni simaların olması təbiidir:

“Onlardan bəziləri ötən seçkilərdə də namizədliyini irəli sürmüşdü. Bu baxımdan, onların proqramı və fəaliyyəti aydındır.

Ancaq təbii ki, yeniləri də var. Onların hansı proqramla çıxış edəcəyi, seçiciləri nə ilə cəlb etmək istəyəcəyini seçki kampaniyası dövründə görəcəyik”.

A. Zeynalov

www.yenicag.az

1545
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM