“Yeni nazirə bu tələblər qoyulacaq” – Millət vəkilindən MTN açıqlaması

mtn1“Yeni nazir yüksək təhsil biliklərinə malik, eyni zamanda dövlətinə, millətinə əlahiddə bağlı olmalıdır. Prezidentinə sədaqətli olması isə ən önəmli missiyalarındandır”.

Bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc açıqlamasında vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun yerinə təyinat məsələsinə münasibət bildirərkən deyib. O, MTN rəhbərinin işdən çıxarılmasının və gözlənilən dəyişikliklərin ölkənin təhlükəsiszliyinə təsirlərini də şərh edib: “Bu gün Azərbaycanda təhlükəsizlik, sabitlik, ictimai asayiş qorunmaqdadır. Dövlət yalnız bir qurumdan ibarət deyil. Amma MTN kimi önəmli bir qurumun nazirinin işdən çıxarılması və qarşıdakı bu kimi dəyişikliklərin bizim təhlükəsizliyimizi zəiflədəcəyi demək deyil.

Ola bilsin ki, xarici agentlik mərkəzləri müəyyən bir aralıq mərhələlərdə fəallaşsınlar. Amma onlar onsuz da mənfur planlarından heç vaxt əl çəkməyiblər.

Əminəm ki, bu dövr ərzində qurulmuş sistem əsasında ölkənin həyatı ilə bağlı mühüm məlumatların daim ali baş komandana məruzə edilməsi sayəsində bir daha təhlükəsizliyimiz zəmanət altına alınmış olacaq. Azərbaycanda təhlükəsizlik qorunacaq”.

Z.Orucun sözlərinə görə, ölkənin bütün həyatı ilə bağlı məlumatlar prezidentə məruzə olunur, qarşısına bununla bağlı hesabatlar qoyulur: “Ola bilsin ki, hansısa məlumatlar və məsələlər bu cür vəziyyətin yaranmasına, belə bir qərarın qəbuluna təsir göstərib. Bunu təyin etmək çox çətindir. Amma biz təhlükəsizlik qurumunu regional maraqlarımızı qoruyan, iqtisadi inkişafımızı, mənafelərimizi təmin edən bir struktur kimi görmək istəyirik.

Bunlar elə də asan məsələlər deyil. Bizim üçün başlıca məsələ Heydər Əliyevin zamanında Azərbaycandakı yetirmələrin qurduğu məktəblər hesabına yetişmiş peşakar kadrların bu sistemdə birləşdirilməsidir. Eyni zamanda əsas məsələ onların öz təfəkkürlərini, beyinlərini, analitik qabiliyyətlərini, konseptual zirvələrini bu dövlətin quruculuğuna, onun təhlükəsizliyinə yönəltmələridir. Azərbaycanda təhlükəsizliyi qoruyan amil ilk növbədə dövlət başçısı ilə xalq arasında olan birlikdir.

Amma bundan sonrakı dönəmdə bu quruma rəhbərlik edəcək şəxsin peşəkarlıq imkanları MTN-in prestijini daha da artırmalıdır.

Təhlükəsizlik orqanın əsas vəzifəsi dövlət üçün önəmli olan təhlükəsizlik məsələlərini, hədəflərini seçib, onları toplayıb və onlardan ölkənin mənəfeyi üçün istifadə etməkdir. Həmçinin Azərbaycana qarşı olan terror tələlərini, başqa xarakterli casusluq işlərini və digər vacib məsələləri ortadan qaldırmaqdır.

Prezident İlham Əliyev Azərbaycanın indiyə kimi həyatını, iqtisadi inkişafını təmin edən bir lider kimi yeni nazir təyin etməklə də bu sahədə daha mühüm dəyişiklərə nail olmaq vəzifəsini qarşıya qoyacaq. Əminəm ki, həmin peşəkar insanlar ölkəmizin təhlükəsizliyini təmin edəcək. Amma kimin nazir vəzifəsinə gətiriləcəyini demək çətindir. Yeni nazir üçün yüksək təhsil biliklərə malik olması, eyni zamada dövlətinə, millətinə əlahiddə bağlılıq, prezidentinə sədaqəti ən önəmli missiyadır. Həmçinin mühüm informasiya kütləsinin, informasiya axınlarının düzgün sintez olunması, region dövlətlərlə yaxşı əlaqələrin qurulması, yəni xarici argentlik mərkəzləri ilə uğurlu bağlantıların formalaşması, əməliyyat məlumatlarının bölüşdürülməsi və s. daha yüksək hədəflərin qarşıya qoyulması da vacib və önəmli məsələlərdir”.

Zahid Oruc qeyd edib ki, arxa cəbhə, millətin görən gözü və eşidən qulağı olan MTN məhz mühüm informasiyaları ikinci dərəcəlilərdən ayıra bilməlidir: “Qurum mütləq şəkildə Azərbaycanın iqtisadi maraqlarına qarşı kontur işlər quran, bizim mənafelərimizə ağır zərbə vurmağa çalışan, bizi hansısa region bazarlarından çıxarmağa cəhd edən, siyasi məkanda bizim mənafelərimizi təhlükə altına qoyan məsələlərə qarşı kontur planlarını həyata keçirmiş olmalıdır. Biz buna çox ciddi ehtiyac duyuruq. Ona görə də yeni nazirin qarşısına qoyulan vəzifələrin miqyası əslində önəmlidir”(aznews).