“Yeni qanunun tətbiqi, ilk növbədə, “kiçik” partiyaların sıradan çıxmasına…” – RƏY

“Onların öz sıralarına beş min üzv cəlb etmələrinin nə qədər mümkün olduğu sual altındadır”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə cavab verməyən partiyaların birləşmək və ya özlərini buraxmaq imkanlarını dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Partiya funksionerinin fikrincə, mövcud siyasi təşkilatların təmərküzləşməsini, yaxud fəaliyyətlərini dayandırmalarını şərtləndirəcək başlıca amil demokratik seçkilərdir:

“Bəli, yeni qanunun qüvvəyə minməsindən sonra bütün partiyalar orada yer almış tələbləri yerinə yetirməlidirlər. Həmin tələblər sırasında ən əsası, yəqin ki, üzvlərin sayının beş min nəfərə çatdırılmasıdır.

Hesab edirəm ki, ölkə ərazisi üzrə yerli strukturları olan və real fəaliyyət göstərən partiyalar üçün üzvlərinin sayını tələb edilən həddə çatdırmaları, bu sayda üzvü olanların isə onların məlumatlarını təqdim etmələri problem olmayacaq.

Fikrimcə, bu məsələdə ciddi çətinliklərlə cəmiyyətdə “kiçik partiya” kimi tanınan təşkilatlar üzləşəcəklər. Yeni qanunun tətbiqi, ilk növbədə, “kiçik” partiyaların sıradan çıxmasına yol açacaq. Onların öz sıralarına beş min üzv cəlb etmələrinin nə qədər mümkün olduğu sual altındadır. Əgər bunu bacarmasalar, o halda həmin partiyaların birləşmək məsələsi aktuallaşacaq.

Lakin partiyaların ideoloji prinsip əsasında təmərküzləşmələrinin ən təbii yolu demokratik seçkilərdir. Bunun nəticəsində özlərinin gerçək imkanlarını ortaya çıxaran partiyalar birləşməyə daha çox meyil edəcəklər”.

A.Zeynalov