Yeni qərarın avtomobil bazarına TƏSİRİ: “Qiymət artacaq, təlabat…” – ŞƏRH

“Sahibkarlar mühərrik həcmi yüksək olan avtomobillərin ölkəyə gətirilməsində maraqlı olmayacaqlar”.

Bu sözləri minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumlarının artırılmasının avtomobillərin ikinci əl bazarına təsirlərini dəyərləndirən nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan dəyişiklik vətəndaşların seçimləri ilə yanaşı, sahibkarların fəaliyyətinə də təsirsiz ötüşməyəcək:

“Rüsumların artımı daha çox iritutumlu mühərriklərə malik olan nəqliyyat vasitələrinə şamil olunub. Eyni zamanda buraxılış müddəti 3 ildən çox olan avtomobillərin rüsumu artılıb. Buraxılış müddəti 7 ildən çox olan avtomobillərin rüsumu isə daha çoxdur. Rüsum artımı istənilən halda bütün nəqliyyat vasitələrinin, xüsusilə də iritutumlu və buraxılışı 7 ildən artıq olan avtomobillərin qiymətini artıracaq. Bu gün daxili bazarda alqı-satqısı olan avtomobillərin qiyməti də avtomatik bahalaşacaq. Nəticədə sözgüdən dəyişiklik avtomobil bazarına müsbət təsir etməyəcək.

Hibrid avtomobillərin idxalı və satışı, elektrik avtomobillərinin satışının ƏDV-dən azad edilməsi isə qiymətləri nisbətən tənzimləyə bilər. Lakin nəzərə almaq lazımdır ki, vətəndaşlarımızın çoxu hələ bu tip nəqliyyat vasitələrinə üstünlük vermirlər. Yeni dəyişiklik fonunda sahibkarlar mühərrik həcmi yüksək olan avtomobillərin ölkəyə gətirilməsində maraqlı olmayacaqlar. Çünki bazarda tələb və təklif amili əsas götürüləcək. Tələbatın hansı avtomobillərə daha çox olacağı özünü göstərəcək”.

Gülşən Şərif