“Azərbaycan baş verən qlobal proseslər fonunda düzgün siyasət yürütməyi bacaran ölkədir”.
Bu fikirləri prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən səbəblər haqda danışan İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dünya siyasətində cərəyan edən çox ciddi proseslər Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi:
“Prezident İlham Əliyev ölkənin və xalqın maraqlarını əsas götürərək belə bir qərar verib. Çünki ölkəmiz adına əsas məsələ dövlətçilik və milli maraqlarımızın qorunmasıdır.
Dediyimiz kimi, istər regionda, istərsə də dünyada gərgin proseslər gedir. Azərbaycan baş verən qlobal proseslər fonunda düzgün siyasət yürütməyi bacaran ölkədir.
Qarabağda qazandığımız tarixi zəfər, haqq uğrunda apardığımız mübarizədə uğurumuz, torpaqlarımızın erməni işğalından azad olunması və yüz il sonra Xankəndidə Azərbaycanın yurisdiksiyasının təmin olunması növbədənkənar prezident seçkilərinin keçirilməsini vacib edir.
Prezident İlham Əliyevin “nəyi necə və nə vaxt etməyin lazım olduğunu mən bilirəm” ifadəsini bir daha xatırlamaq lazımdır. Onun kifayət qədər dərin siyasi təcrübəsi, baş verən proseslər barədə məlumatı var. Bu səbəbdən, ölkəmiz adına qəbul edilən hər bir qərarda xeyir tapacağımıza inanırıq”.
Nəsimi Ələsgərli