Gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 1500 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edir.
Yenicag.az xəbər bildirir ki,bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 50-60 faizi müraciətlərini elektron formada edir.
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qurumda korrupsiya faktlarının olması ilə bağlı məlumata da münasibət bildirib.
Vüsal Hüseynov jurnalistlərə açıqlamasında ilk gündən Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidməti ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətə başladıqlarını bildirib: “Artıq ilkin mövcud vəziyyət təhlil olunub. Vətəndaşların şikayət və müraciətləri də təhlil edilib. Özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətləri müəyyən etmişik və artıq ilk addımlara başlamışıq”.
“Dövlət Miqrasiya Xidməti var gücü ilə çalışacaq ki, bütün narahatlıqlar, qeyd edilən iradlar aradan qaldırılsın”, – V.Hüseynov əlavə edib.
Kadr islahatlarından danışan Dövlər Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, bu bizim daxili idarəçiliyimizin bir hissəsidir.
O bildirib ki, kadr islahatları mütəmadi aparılan prosesdir: “O kadrlar ki, cənab Prezidentin müəyyən etdiyi tapşırıqları icra etməyə qadirdir, onlarla işləyəcəyik. Şərtlər müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir.
Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarıqlarını artıraq. Bununla bağlı biz müəyyən yerdəyişmələr həyata keçiririk. Müəyyən təlim potensialını gücləndiririk”./Report/