Yeni savaş səsləri: CIA İsrailə TƏCİLİ məlumat göndərdi – 48 saata vuracaqlar

İsrailin İranın Suriyadakı konsulluğunun binasını vurmasından sonra Yaxın Şərqdə gərginlik pik həddə çatıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İsrail rəhbərliyinə “Tehran 48 saat ərzində zərbə endirəcək” mesajı göndərib.

Yenicag.az bildirir ki, İsrailin aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasına hücumu bölgədə gərginliyi artırıb. İran İnqilab Keşikçiləri Korpusunun iki generalı da daxil olmaqla 7 nəfərin öldüyü hücumdan sonra İran lideri Xamneyi “İsrail şillə yeyəcək” deyib.
Xamneyidən sonra Livandakı “Hizbullah” da İsraili hədələyib. Ardıcıl açıqlamalardan sonra İsrail ordusu bütün əsgərlərin məzuniyyətini ləğv edib və hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyat əsgərləri çağıracağını açıqlayıb.
Gərginlik günü-gündən artdığı üçün Təl-Əviv bölgəsində yerli hakimiyyət orqanları hücum halında sığınacaqlar açmağı planlaşdırır. İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) keçmiş rəhbəri Amos Yadlin deyib: “İran birbaşa İsrailə raket atsa, təəccüblənmərəm”.
Müharibə hazırlıqlarını sürətləndirən İsrail dünən səhər saatlarında GPS tətbiqlərindəki bloklamaları gücləndirib. Başda Google olmaqla müxtəlif GPS tətbiqlərinin bloklanması ilk dəfə ölkənin daxili bölgələrində baş verməyə başlayıb. Tətbiqləri açanlar onların yerini Tel-Əviv əvəzinə Beyrut olaraq görürürlər.
Digər tərəfdən, ABŞ mərkəzli “FOX News” telekanalı CIA-nin İsrailə İranın 48 saat ərzində hücum edəcəyi barədə məlumat verdiyini yazıb. Eyni xəbər Livanın “Al Mayadeen” mətbuatında da dərc olunub. Livan mediası İranın pilotsuz təyyarələr və raketlərdən ibarət “yağış”la hücum edəcəyini iddia edib.
İsrail ordusu aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasına hava hücumu təşkil etməsindən sonra hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyat əsgərlər çağıracağını açıqlayıb.
“The Jerusalem Post”un xəbərində İsrail ordusunun məsələ ilə bağlı açıqlaması da yer alıb. Məlumatda qeyd olunub ki, ehtiyatda olan hərbçilərin cəlb edilməsi İsrail Hərbi Hava Qüvvələrini gücləndirmək məqsədi daşıyır.

Yenicag.az

COP29