!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni siyasi birliyə ehtiyac var? - Partiya sədrlərindən reaksiya

!Reklam – Yazi

Azərbaycanda yeni siyasi hərəkatın yaranacağının siqnalları verilib.

Belə ki, “Ümid” partiyası ilə Azərbaycan Demokrat partiyası danışıqlar aparıb və razılıq əldə ediblər. Partiya sədrləri İqbal Ağazadə və Sərdar Cəlaloğlu digər partiyalara da təkliflər götürüblər. Hələlik digər partiyaların necə reaksiya verəcəyi bəlli deyil.

Azərbaycanda hazırda mövcud iki siyasi birlik var: Milli Şura və Azərbaycan Xalq Hərəkatı (AXH). Partiya sədrlərinin mətbuata verdiyi açıqlamalardan belə aydın olur ki, bu iki birlik fərqli yol çizəcək.

Ümumiyyətlə, Azərbaycanda yeni siyasi birliyə ehtiyac varmı? Əgər yeni birlik yaranarsa, hansı nəticələr gözləmək olar?

İqbal Ağazadə və Sərdar Cəlaloğlunun yaradacağı yeni hərəkatla bağlı hazırda AXH-də təmsil olunan AĞ partiya sədri Tural Abbaslı və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Yenicag.az-a açıqlamalar veriblər.

Tural Abbaslı AXH-nin formalaşmasına diqqət çəkərək bildirib ki, İqbal Ağazadə və Sərdar Cəlaloğlu hərəkatın formalaşmasında iştirak ediblər:

“Bəlli səbəblərdən hər iki partiya sədri AXH-də iştirak etmədilər. AXH-də baş verən sonrakı hadisələr sübut etdi ki, burada işlər normal getmir. AXH-nin idarəçiliyində, hədəflərində və məqsədlərində problemlər yarandı. Təbii haldır ki, siyasi səhnənin indiki durumunda hansısa partiyalar alternativ platformaların yaradılışında və yaxud ortaya çıxmasında maraqlıdırlar. Onların maraqlı olması da təbiidir. İstənilən halda partiyalar güclərini birləşdirərək, gözlənilən və gözlənilməz hadisələrə hazır olmaq hüququna malikdirlər. Bu aspektdən baxdıqda bu cəhdi normal qiymətləndirirəm. Yeni yaranacaq platformanın hədəfləri, təşkilatlanması və mübarizə metodları müzakirə oluna bilər. Ancaq istənilən halda bu hərəkətlilik olmalıdır. Onun olmaması anormaldır. Onlar sabah AXH-nin bizim də təmsil olunduğumuz qanadına da müraciət edə bilərlər, biz də o təklifi müzakirə edə bilərik. Ayrı-ayrı partiyalara da müraciət edə bilərlər. AĞ partiyaya bununla bağlı heç bir təklif olunmayıb. AĞ partiya hələ ki AXH-də təmsil olunur. Bizə təklif olunmayıb deyə, bu barədə nəsə demək yersizdir. Təklif olarsa, müzakirə edib, ya müsbət, ya da mənfi cavab verərik”.

AXH-nin hazırkı durumuna münasibət bildirən Tural Abbaslı hərəkatın hazırda faktiki olaraq iki yerə parçalandığını deyib:

“AXH faktiki olaraq iki qrupda fəaliyyət göstərir. Bir mənim də təmsil olunduğum AXH, bir də İsgəndər Həmidovun de-fakto rəhbərlik etdiyi AXH var. AXH parçalanmayıb desək, bir az ciddiyyətdən kənar olar. Parçalanmış şəkildə fəaliyyət göstəririk. Təbii ki, bundan bir çıxış yolu tapılmalıdır. Artıq görsənir ki, AXH mübarizəni hakimiyyətə qarşı yox, daha çox bir-birinə qarşı yönəldir”.

Yeni yaranacaq birliklə bağlı fikirlərini saytımızla bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu barədə xəbərdar olduğunu deyib. O bildirib ki, İqbal Ağazadə və Sərdar Cəlaloğlunun çıxışlarını dinlədikdən sonra onların fəaliyyət planı barədə qəti qərara gəlmədiklərini hiss edib:

“Mənə Sərdar Cəlaloğlu bu barədə təklif vermişdi. Mənim də iştirakımın arzuolunan olduğunu dilə gətirdi. Sərdar Cəlaloğluna bildirdim ki, AXH-nin formalaşmasında iştirak edirəm, hazırda AXH-də dönəm sədriyəm. O da mənim mövqeyimi anlayışla qarşılayıb.

Siyasi baxımdan hər iki şəxs – İqbal Ağazadə və Sərdar Cəlaloğlu yetkin adamlardır. Azərbaycan siyasətində yeni adamlar deyil. Ona görə də onlar hansı qərarı qəbul edəcəklərsə, bu qərara hörmətlə yanaşmaq lazımdır. Özləri müstəqil adamdırlar, müstəqil təşkilatdırlar. Ona görə də bu birlik yaranarsa, hörmətlə yanaşaram”.

Səxavət Məmməd

www.yenicag.az

1633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv