Yeni söküntü DALĞASI – Sakinlər nəyə görə evlərini tərk etmək istəmir?

Bakıda növbəti köçürülmə prosesinə başlanılacaq. Belə ki, “İnşaatçılar” metro stansiyası üzərindəki yerləşən qəzalı beşmərtəbəli binalar söküləcək. Yasamal Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xəqan Teymurov bildirib ki, sakinlərin köçürülməsi istiqamətində iş adamları ilə danışıqlar aparılacaq. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilsələr, sakinlər həmin binada yeni təmirli mənzillərlə təmin olunacaqlar və yaxud da sakinlərə kompensasiya ödəniləcək.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün tikinti normativləri tikinti şirkətlərinin əvvəlki kimi böyük həcmli binalar tikə bilməyəcini göstərir:

“2020-ci ildən etibarən Bakı və Abşeron ərazisində ümumilikdə 2 minə yaxın çoxmənzilli yeni yaşayış binası tikilib. Əvvəllər yeni binaların tikilməsinə yerli rayon icra hakimiyyətləri baxırdı, lakin 2018-ci ildən etibarən bu səlahiyyət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. İndiki məqamda istismar müddəti bitmiş binalar mütləq şəkildə sökülməlidir. Çünki zəlzələ və yaxud qəza baş verərsə, həmin binaların uçma təhlükəsi böyükdür. Binaların qəzalı olmasına təsir edən amillərə onların uzun müddət baxımsız qalması və yol kənarında yerləşən binaların hər birinin birinci mərtəbəsinin sökülərək, qeyri-yaşayış obyektinə çevrilməsidir. Bəzi binaların zirzəmiləri isə qeyri-yaşayış obyektinə çevrilməsə də, zirzəmilər çirkab suları ilə dolub. Həmin çirkab suları binanı bərbad vəziyyətə salır.

Mərkəzi Avropa ölkələrində 17-18-ci əsrlərdə tikilmiş binalar var ki, orada indi də insanlar yaşayır. Həmin binalar həm tarixi abidə kimi qorunur, həm də lazım gələndə təmir-bərpa işləri aparılır. Bu gün Bakının mərkəzində də çox qədim binalar var. İçərişəhərdə yaşı yüzə söykənən 11 yaşayış binası var. Həmin binalara vaxtında diqqət edilsə və ehtiyac fonunda təmir-bərpa işləri aparılsa, istismar müddəti uzanar.

Ümumilikdə, bu gün qəzalı binalarda yaşanan sakinlərin əksəriyyəti zəmanət verilmədiyi üçün mənzillərindən çıxmaq istəmirlər. Düşünürlər ki, adi MMC, tikinti şirkəti birdən tikə bilməz, yarımçıq qoyar və ya fors-major hadisə baş verər. Bu baxımdan mütləq şəkildə aidiyyatı orqanlar bu proseslərdə fəal iştirak etməlidirlər ki, qəzalı binaların sökülməsi və yenidən tikilməsi prosesi sürətlə davam etsin”.

Gülşən Şərif