“Yeni sürücülük vəsiqələrinin saxtalaşdırılması mümkün deyil” – Elməddin Muradlı

“Yenilənən sürücülük vəsiqəsində yerləşdirilən xüsusi çiplər vasitəsilə bütün informasiyaları oxumaq mümkün olacaq”.

Bu fikirləri yenilənən sürücülük vəsiqəsinin mühüm özəlliklərini dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, yenilənən sürücülük vəsiqəsinin beynəlxalq standartlara cavab verməsi olduqca əhəmiyyətli dəyişiklikdir:

“Əvvəlki sürücülük vəsiqəsində beynəlxalq konvensiyaya uyğun olmayan nüanslar var idi. Belə ki, istifadə etdiyimiz əlifbada “ə”, “ğ”, “ı” və s. bəzi hərflər beynəlxalq səviyyədə istifadə olunmur. Bu xüsusiyyətə görə sürücülərimiz bəzi ölkələrdə müəyyən çətinlik yaşayırdı.

Azərbaycan hərflərilə bağlı anlaşılmazlığın aradan qaldırılması üçün sürücülük vəsiqələrində dəyişiklik edib. Eyni zamanda, yeni vəsiqədə kateqoriyalar aydın şəkildə göstərilib.

Yenilənən sürücülük vəsiqəsində xüsusi çiplər də yerləşdirilib. Vəsiqəni komputerə yaxınlaşdıranda, artıq bütün informasiyaları oxumaq mümkün olacaq. Nəticədə yol polisi sürücünü saxlayarkən əlavə vaxt itkisinə yol verilməyəcək.

Bundan başqa, yeni vəsiqənin saxtalaşdırılması mümkün deyil. Çünki hər bir sürücülük vəsiqəsinə aid informasiya Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində qeyd olunur”.

Elməddin Muradlı bildirib ki, sürücülük vəsiqəsini yeniləmək məcburi deyil. Yalnız müəyyən şərtlərdə sürücülər vəsiqəni mütləq dəyişdirməlidirlər:

“Yeni sürücülük vəsiqəsi hər bir ölkədə etibarlı sayılacaq və sürücülərin kitabça şəklində olan xarici sürücülük vəsiqəsi əldə etməyinə ehtiyac qalmayacaq. Onu da qeyd edim ki, bəzi sürücülər vəsiqəni vaxtından tez yeniləməyə çalışırlar. Əslində, buna ehtiyac yoxdur. Sürücü ölkəni tərk etmir və ya müvəqqəti olaraq başqa ölkəyə getmirsə, indiki halda vəsiqəni yeniləməsi vacib deyil.

Sadəcə, vəsiqəsinin vaxtı bitən, yeni kateqoriya əldə etmək istəyən, vəsiqəsi itən və ya deformasiyaya uğrayan sürücülər müraciət edərək vəsiqələrini yeniləyə bilərlər. Zəruri hallarda vətəndaş istənilən ASAN Xidmətə yaxınlaşaraq vəsiqəsini dəyişə bilər. Yol polisi artıq sürücülük vəsiqəsini dəyişmir”.

Gülşən Şərif