!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni tədris ili başlayır: Çanta dolu problemlər - VİDEOREPORTAJ

!Reklam – Yazi

Qarşıdan 17 sentyabr, yəni yeni dərs ilinin başlanma tarixi gəlir. Şagirdlər həyacanla, valideynlər isə həm sevinc, həm də təşviş içində səbrsizliklə bu tarixin gəlməsini gözləyirlər.

Valideynlərin sevincli olmasını anlamaq asandır. Övladları oxuyub-öyrənmək, biliyini, elmini yüksəltmək üçün yeni tədris ilinə başlayacaq. Təşvişdə olmasının əsas səbəbi isə odur ki, dərs ili ərzində övladları ilə bir yerdə olub, onları soyuqdan qoruyacaq geyimləri elə seçməlidirlər ki, həm sağlamlıq və keyfiyyət, həm də qiymət baxımından uyğunluq təşkil etsin.

Yenicag.az olaraq biz də bu məsuliyyətli məsələdə valideynlərin qayğıları ilə maraqlandıq. Bu zaman müxtəlif yerlərdə müxtəlif qiymətlərə satılan məktəbli geyimlərinin həm də keyfiyyət məsələsində müxtəlif olduğunu gördük.

Şəhərin Mərdanov qardaşları küçəsində, Rusiya səfirliyi ilə üzbəüz yerləşən, el arasında “Volodarski” kimi tanınan “Bakı Tikiş Evi”nə aid mərkəzi satış mağazasına baş çəkib, buradakı qiymətlərlə tanış olduq.

Məlum oldu ki, 1-6-cı sinif şagirdləri üçün kostyumların qiyməti həm oğlan, həm də qızlar üçün 40 AZN məbləğində təklif olunur. Qiymət 7-11-ci sinif şagirdlərində isə 46 AZN olaraq dəyişir.

Məhsulların ayrı-ayrılıqda qiyməti isə belədir:
Şalvar (26-42 razmer) – 15 AZN
Şalvar (44-54 razmer) – 18 AZN
Ətək (26-44 razmer) – 15 AZN
Don (32-52 razmer) – 18 AZN
Köynək (oğlan-qız) – 8 AZN
Jilet (oğlan-qız) – 8 AZN

Mağaza əməkdaşlarının sözlərinə görə, bu il məhsulların qiymətində heç bir artım edilməyib və 2017-ci ilin satış qiymətləri ilə eyniləşdirilib.

Şəhər sakinlərinin məsələyə münasibəti isə birmənalı olmayıb. Bir qisim valideyn qiymətlərə normal münasibət bildirsə də, digərləri qiymətlərin aşağı olmasının həm onların ailə büdcəsi, həm də övladlarının digər ehtiyaclarını ödəyə bilməsi üçün daha effektiv olacağını söyləyib.

Seçim məsələsinə gəldikdə, valideynlər digər satış mərkəzlərində daha ucuz məhsullar tapmaq imkanlarının olmasını qeyd etsə də, sex məhsullarının həm sağlamlıq, həm də keyfiyyət baxımından daha əlverişli olması qənaətinə gəliblər. Eyni zamanda, onlar pərakəndə halda keçidlərdə və ya digər alış-veriş mərkəzlərində satılan geyimlərin həm bahalı, həm də keyfiyyətcə çox aşağı olmasından şikayətlənirlər. Sözügedən yerlərdə satılan məktəbli geyimlərində tək şalvarların qiyməti orta hesabla 25 AZN, ətəklər 15 AZN-ə bərabərdir, köynəklərin qiyməti isə 10-30 AZN arasında dəyişir.

Məktəblilər üçün digər zəruri əşyalardan biri isə çantadır. Məktəbli çantaları övladlarımızın həm kitab-dəftərlərini, həm də gündəlik qida rasionunu əhatə edəcək yemək və içəcəkləri daşımaq üçün ən ideal vasitədir. Lakin son zamanlar çantaların həm keyfiyyəti, həm də qiyməti valideynləri bir xeyli narahat edir. Belə ki, həkimlərin də həyacan təbili çaldığı məktəbli çantaları bəzən hardasa məktəblinin öz çəkisi ilə eynilik təşkil edir. Belə olan halda isə uşaq fiziki cəhətdən əlavə yüklənməyə məruz qalır. Bu da müəyyən zaman sonra onurğa sütununda fəsadlara yol açır.

Satıcılar isə problemin çantada deyil, məktəb ləvazimatlarında və ailənin uşaqların qidalanması üçün çantaya yerləşdirdiyi ərzaqlarda olduğunu deyirlər. Onların fikrincə, ya çantanı az yükləmək lazımdır, ya da çanta birbaşa valideyn tərəfindən məktəbə qədər aparılmalıdır. Əks halda, çantaların ölçüsünü kiçiltməklə bu problemi aradan qaldırmaq mümkün deyil. Çünki belə olacaq halda, məktəbli əksinə əlavə yük – ikinci çanta daşımaq məcburiyyətində qala bilər.

Çantaların kimyəvi cəhətdən hansı məhsullardan hazırlanması məsələsində isə satıcıların cavabı birmənalı olmayıb. Bəziləri məhsulları bütünlükdə təhlükəsiz adlandırsa da, digər qisim qiymətdən asılı olaraq bəzi fərqlərin mövcud olduğunu qeyd edir. Satıcıların sözlərinə görə, orta hesabla 30-35 AZN-ə məktəbli çantası almaq olar. Hətta 13-15 AZN-ə də məktəbli çantası tapmaq mümkündür. Lakin, qiyməti 100 AZN və daha yüksək olan çantalarla digər ucuz çantaları həm kimyəvi, həm də texniki cəhətdən müqayisə etmək düzgün olmaz. Ekspertlər də valideynlər tərəfindən qiymət baha olsa da, keyfiyyət baxımından daha üstün çantaların alınmasını övladlarının gələcəyi üçün daha sağlam və təhlükəsiz olduğunu qeyd edirlər. Lakin bəzi ailələrin maddi imkanının bu kimi xərcə uyğun olmadığını nəzərə alsaq, keyfiyyətsiz çanta probleminin necə həll ediləcəyi sual altında qalır.

Məktəblilər üçün qələmlər də vacib olan əşyalar sırasındadır. Xüsusilə ibtidai sinif uşaqlarının qələmləri bütün standartlara cavab verməlidir. Neft məhsullarından hazırlandığı üçün qələmin tərkibini təşkil edən mürəkkəbin zərərli ola biləcəyini xüsusi qeyd etməyə ehtiyac duymuruq. Bəzən azyaşlı məktəblilər əl-üzlərini bu mürəkkəblərə elə batırır ki, tanınmaz hala düşürlər. Bəs bu zaman onların təhlükəsizliyinə necə arxayın olaq? Satıcılardan satdıqları qələmlərin keyfiyyəti ilə bağlı soruşduqda, heç bir cavab ala bilməməyimiz məsələnin nə qədər ciddi olduğundan xəbər verir. Qələm istehsalı ilə məşğul olan firmalar ən azından gigiyenik təlimatları öz satıcılarına, onlar da yerlərdəki satıcılara izah etməyi özünə borc bilməli deyildimi? Bəlkə heç gigiyenik qaydanın nə olduğunu firmalar özləri də aydınlaşdıra bilməyib?

Qələmlərin qiymətlərinə gəlincə, bu, 0,2-0,3 AZN-dən başlayaraq 5,8 AZN-ə qədər dəyişir. Belə ciddi qiymət fərqinin haradan qaynaqlandığı sualının isə yalnız bir cavabı oldu: “İnsanlar daha brend və bəzəkli, görünüşü ideal olan əşyalara üstünlük verirlər. Qiymət artımı məhz buradan qaynaqlanır”. Gördüyümüz kimi, verilən cavabda keyfiyyət məsələsini əks etdirən heç bir kəlmə də yoxdur…

İbtidai dərslik kitabları və test banklarının qiymətinə gəlincə, qiymətlər müvafiq olaraq, orta hesabla 5-5,5 AZN və 6-6,5 AZN civarında dəyişir. Daha təkmil olan test banklarında bu qiymət 12 AZN-ə qədər artır. Dəftərlərin qiymətləri isə vərəq sayından asılı olaraq dəyişir. Məsələn 12 vərəq dəftərlər alıcılara 0,15 AZN-ə təklif olunduğu halda, 100 vərəqli dəftərlər üçün bu qiymət 1-1,2 AZN olaraq müəyyənləşdirilir.

Satıcılarla söhbət zamanı məlum oldu ki, bir məktəblinin dərs ilinə başlanğıc xərcləri minimum 110 AZN, maksimum 450-500 AZN, orta hesabla isə 200-250 AZN-dir.

Ümumiyyətlə, araşdırma apardığımız müddətdə bir məktəblinin yeni dərs ilinə hazırlanması üçün gərəkli olan məhsullarla tanış olduq. Aydın oldu ki, ilbəil qiyməti yüksələn məktəb ləvazimatlarının keyfiyyəti də ürəkaçan səviyyədə deyil. Bu isə təbii ki, valideynləri narahat etməyə bilməz. Onların əsas şikayətləri ilbəil artan qiymətlərlə yanaşı, məhsullarda sağlamlıq məsələlərinə kifayət qədər diqqət yetirilib-yetirilməməsindən xəbərsiz olmaqlarıdır. Valideynlərin sözlərinə görə, keyfiyyət olaraq heç bir artım müşahidə edə bilmədikləri məhsulların hər il maddiyyat olaraq müəyyən dəyər qazanmasına anlam verə bilmirlər. Bu, onların övladlarının qayğılarını qarşılaması üçün əlavə çətinliklər yaradır. Bəzən valideynlər müəyyən məhsulları almağa imkanları olmaması səbəbindən, onu ixtisar etməyə məcbur qalırlar. Bu da dərs ilinin ortasında məktəblinin məlum istiqamətdə dərslərində müəyyən çətinliklər yaşamasına səbəb olur.

Ümidvarıq ki, gələcəyimiz olan bu günün məktəblilərinə savadlı bir vətəndaş kimi yetişməsi üçün gərəkli olan məktəbli ləvazimatlarının həm keyfiyyət, həm də maddiyyat baxımından daha əlverişli təşkilinə lazimi diqqət ayrılacaq. Ən əsası isə, sağlamlıq və gigiyeniya məsələlərinə tam əməl edilərək, standartlara uyğun olmayan məhsulların bazara çıxışının qarşısı alınacaq.

Həşim Səhrablı

www.yenicag.az

2711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv