Bu il ilk dəfə işğaldan azad olunmuş digər ərazilərimizdə Bilik Günü qeyd olunur. Ölkəmizdə 133 mindən artıq şagird birinci sinfə gedir.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev 53 nömrəli tam orta məktəbdə keçirilən Bilik Günü tədbirində deyib.
O bildirib ki, ilk dəfə Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində ilk zəng çalınır: “Yeni tədris ilində işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1410 şagird təhsil alır. Onlardan 149-u birinci sinfə gedir.
Prezident İlham Əliyevin qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti nəticəsində həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil siyasətinin davamıdır”.
Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib: “Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib”.