“Biz istəmirik sentyabrda məktəblərin tam ənənəvi formada açılaraq yenidən bağlanması problemi ilə qarşılaşaq ki, nəticədə nə şagirdlər, nə də müəllimlər bu cür psixoloji problemlə üzləşsinlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Nəsibov Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyətinin təşkilində QHT-lərin dəstəyi” mövzusunda keçirdiyi onlayn konfransda deyib.
E. Nəsibov hazırda məktəblərdə təhsilin hansı qaydada davam etməsi ilə bağlı məsələyə münasibət bildirib:
“İctimai rəy öyrənilir, məsləhətləşmələr aparılır. Ölkəmiz, dövlətimiz üçün daha az riskli variantların üzərində düşünürk. Nəzərə alaq ki, Fransa, İspaniya, İsrail kimi dövlətlərin may ayında məktəblərin bərpası ilə bağlı verdikləri qərar yoluxmanın artma səbəbi ilə yenidən bağlanmasına gətirib çıxardı. Biz istəmirik sentyabrda məktəblərin tam ənənəvi formada açılaraq yenidən bağlanması ilə qarşılaşaq ki, nə şagirdlər, nə də müəllimlər bu cür psixoloji problemlə üzləşsinlər”.
Nazirliyin rəsmisi nəzərdə tutulan tezisləri açıqlayıb:
“Sanitariya- epidimioloji vəziyyəti diqqətdə saxlayaraq tam ənənəvi təhsilin təşkili bir qədər risklidir. Virtual məktəb və teledərslər yeni məzmun və formada davam etdiriləcək. Məktəblərin, müəllim və şagirdlərin texniki məsələlərlə təmin olunması məsələsi müzakirə olunur. Təhsil müəssislərinin mərhələli şəkildə açılması ilə bağlı qərar verilərsə, ilk mərhələdə ibtidai səviyyə üzrə tədrisin sanitar gigiyenik tələbləri nəzərə alınacaq . Yüksək sıxlıq və texniki təchizat nəzərə alınmaqla distant təhsil daha çox şəhər məktəblərininin payına düşəcək.
Kəndlərdə kompüter təminatının zəif olması, sıxlığın aşağı olması nəzərə alınmaqla, ənənəvi qaydada tədrisin təşkilini az riskli hesab edirik. Ənənəvi qaydada təşkil edilmiş siniflərdə davamiyyətin məcburi deyil, könüllü olması nəzərdə tutulub. Məktəb hazırlıq qruplarında uşaqların həftədə altı saatlıq tədris planı əsasında tədrisə cəlb olunması təklif olunur. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda, siniflərin yarımqruplara bölünməsi nəzərdə tutulur.
Dərslərin ənənəvi tədrisi zamanı müəllimlərin yaşı yoluxma riski və epidimioloji vəziyyətə uyğun olaraq nəzərə alınacaq”.
Cəvahir