“Hesab edirəm ki, yeni tədris ilinin ən əlamətdar hadisələrindən biri də Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yeni tədris mövsümündə işğaldan azad olunmuş ərazilərdə başlayan təhsil prosesinin əhəmiyyətindən danışan VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu il tədris ili çox əlamətdar bir dövrə təsadüf edir.
“Bu il biz bütün işğaldan azad olunmuş ərazilərdə tədrisi həyata keçiririk. Bu gün artıq Şuşada, Xankəndidə, Ağalıda, Laçında zəng səsləri eşidilir və növbəti illərdə digər ərazilərimizdə də biz bunun şahidi olacağıq. Bu qürurverici tarixi dövr və mərhələdir ki, onu yaşayırıq. Bizim böyük arzularımız həyata keçib. Bu gün biz bütün hədəf və məqsədlərimizə nail olmuşuq. Bu gün biz qalib xalqıq və bütün torpaqlarımızı bərpa etmişik”, – deyə o əlavə edib.
C.Məmmədov qeyd edib ki, bu gün bütün işğaldan azad olunmuş ərazilərdə cənab prezidentin rəhbərliyi ilə böyük quruculuq, bərpa, abadlıq işləri gedir.
“Burada qısa müddətdə bu işlərə başlanıb. Bu mənada bu önəmli bir hadisədir. Mən bir müddət bundan əvvəl Cəbrayılda da olmuşam. Yaxın zamanlarda Cəbrayılda da yeni məktəb istifadəyə veriləcək. Hesab edirəm ki, yeni tədris ilinin ən əlamətdar hadisələrindən biri də Qarabağ Universitetinin fəaliyyətə başlamasıdır. Bu ali təhsil müəssisəsinin Azərbaycan təhsilində özünəməxsus yeri, onun həm siyasi əhəmiyyəti, həm də tarixi əhəmiyyəti var.
Həqiqətən də tariximizin ən qürurverici, mühüm mərhələlərindən birini yaşayırıq. Bu dövrün şahidi olmaq, özündə yaşamaq ayrıca qürurverici məsələdir. Yaxın zamanda digər işğaldan azad olunmuş ərazilərimizdə də məktəblər fəaliyyətə başlayacaq. Bu, Azərbaycanı daha da möhkəmləndirəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az