Yeni valideyn olanlara ŞAD XƏBƏR: “Çəkilən xərclər ailələri sevinməyə qoymurdu, bu qərar isə…”

“Artım çərçivəsində ən vacib qərar məhz doğulan uşağa görə ödənilən vəsaitin məbləği ilə bağlıdır”.

Bu sözləri Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ümumilikdə 800 mindən çox şəxsin sosial müavinət və təqaüdlərinin artırılmasını şərh edən iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, məlum artımı yüksək qiymətləndirməmək doğru yanaşma olmaz:

“Müxtəlif təhsil pillələri üzrə təhsil alan tələbələrin, o cümlədən orta ixtisas təhsili və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin təqaüdünün artırılması olduqca vacib qərardır. Qurumlar üzrə olan 15 faizlik əməkhaqqı isə 17 istiqaməti özündə ehtiva edir. Bu istiqamətlərdən biri bütün icra hakimiyyəti orqanlarının mühasibatlığını təmin edir. Digər 16 istiqamət isə mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan alt qurumları əməkdaşlarını, eləcə də müəyyən mərkəzləri əhatə edir.

Faizlə götürsək, böyük miqdarda faiz nisbəti məhz şəhid ailələrinə və prezident təqaüdü alan şəxslərə şamil olunub.

Belə ki, əvvəl aylıq 500 manat olan ödəniş hazırda 600 manata qaldırılıb. Bu, 20 faizlik artım deməkdir. Bundan başqa, sosial müavinətlərin məbləğlərində ciddi artımlar var. Ümumilikdə sosial məsələlər üzrə 7 istiqamət hökm sürür. Bura uşağın anadan olmasına görə ödənilən məbləğ, dəfn məbləği, 1 yaşına kimi olan uşaqları olan aztəminatlı ailələrə sosial müavinətin ödənilməsi, ailə başçısını itirməyə görə olan sosial ödənişin məbləği və yaşa görə olan sosial müavinət daxildir. Hesab edirəm ki, bu istiqamətlər içərisində ən vacibi məhz doğulan uşağa görə ödənilən vəsaitin məbləğidir. Bu istiqamət üzrə yüksək artım tempi var. Bu, 66,6 faizlik artım deməkdir. Əksər ailələrdə doğulan uşağa görə çəkilən xərclər ailələri sevinməyə qoymurdu. Belə ki, valideynlərdən biri fiziki, digəri isə maddi ağrı çəkirdi. Yeni qərar ən azından maddi yükün ağırlığını nisbətən azaldacaq”.

Gülşən Şərif