Milli Məclisin 2024-cü il 29 mart tarixli iclasında spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri T.Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
“Reklam haqqında” qanunun 26.8-ci maddəsi reklam qurğuları hesab edilməyən və bu səbəbdən də yerləşdirilməsinə icazə tələb olunmayan məlumat lövhələri, plakatlar və elanların dairəsini müəyyən edir.
Hazırda birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr, həmçinin dövlət orqanlarına aid olan lövhələr bu sıraya aid edilmişdir.
Təklif olunan dəyişikliyə əsasən, sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə bu tələb 20 kvadratmetrədək müəyyən ediləcəkdir.
Millət vəkili Fəzail Ağamalı məsələ barədə fikirlərini və bəzi qeydlərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.